"Bayern"in ulduzlarına UEFA-dan cəza təhlükəsi
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Bayern Münhen" səfərdə "Atalanta" ilə qarşılaşıb. Almaniya nəhəngi rəqibini 6:1 hesabı ilə məğlub edərək cavab oyunu öncəsi böyük üstünlük əldə edib.
90plus.az xəbər verir ki, görüşdə fərqli qələbə qazanan "Bayern Münhen" demək olar ki, 1/4 finalın qapısını aralayıb. Lakin komandanın iki əsas futbolçusu üçün UEFA-dan xoşagəlməz xəbər gələ bilər.
Matç zamanı sarı vərəqə alan Maykl Olise və Yoşua Kimmix cəzalı duruma düşüb və "Atalanta" ilə keçiriləcək cavab oyununda meydana çıxa bilməyəcəklər. İspaniyanın "Marca" nəşrinin yaydığı məlumata görə, UEFA bu iki futbolçunun sarı vərəqəni qəsdən alıb-almadığını araşdıra bilər.
Əgər onların bilərəkdən sarı vərəqə aldığı müəyyən edilərsə, əlavə cəza tətbiq oluna bilər. Bu halda Olise və Kimmix yalnız cavab oyununu deyil, həm də "Bayern Münhen"in 1/4 finala yüksələcəyi təqdirdə həmin mərhələnin ilk matçını buraxa bilərlər.
"Atalanta" səddini keçəcəyi halda "Bayern Münhen" 1/4 finalda "Real Madrid" və ya "Mançester Siti" cütünün qalibi ilə üz-üzə gələcək.
UEFA daha əvvəl də bilərəkdən sarı vərəqə alma şübhəsi ilə Serxio Ramos, Dani Karvaxal və Jerar Pike barədə araşdırma aparmışdı. Həmin vaxt futbolçular diskvalifikasiya olunmasa da, Ramos 2010-cu ildə aparılan araşdırmadan sonra 20 min avro məbləğində cərimə olunmuşdu.
© Copyright 2026, All Rights Reserved