“Bayern"in ulduzu Harri Keyn Premyer Liqaya qayıda bilər

İngiltərə futbolunun ən tanınmış simalarından biri olan “Bayern Münhen"in hücumçusu Harri Keyn gələcəkdə Premyer Liqaya qayıda bilər.
90plus.az xəbər verir ki, bir neçə Premyer Liqa klubu ulduz futbolçunun 2026-cı ildə qüvvəyə minəcək sərbəst qalma maddəsini ödəməyə hazırdır. Harri Keyn 3 mövsüm əvvəl uzun illər formasını geyindiyi “Tottenhem”dən ayrılaraq Almaniyanın “Bayern Münhen” klubuna transfer olunmuşdu.
İngiltərə Liqa Kubokunda “Donkaster”lə qarşılaşma öncəsi keçmiş komandası “Tottenhem”in baş məşqçisi Tomas Frank Keynin mümkün qayıdışı ilə bağlı açıqlama verib.
Frank jurnalistlərə belə deyib:
“Mən də daxil olmaqla bir çox ‘Tottenhem’ azarkeşi Harri Keynin geri dönməsini istəyir. Dürüst olsaq, bunun yaxın zamanda baş verəcəyini düşünmürəm. Çox güman ki, ‘Bavariya’da qalacaq və performansını davam etdirəcək. Ötən mövsüm bombardir olmuşdu, çempionluq qazandı və indi də yüksək səviyyədə oynayır. Onun nə düşündüyünü bilmirəm. Amma komandamıza qayıtmaq istəsə, bu bizi çox sevindirər.”
Bütün bu iddialar fonunda, Keynin gələcək planları və Premyer Liqaya mümkün dönüşü qarşıdakı illərdə futbol ictimaiyyətinin diqqət mərkəzində olacaq.
© Copyright 2025, All Rights Reserved