Bekhemin oğlu valideynlərini həyatından “silib”
Bruklin Bekhemdən valideynlərinə şok addım: yalnız vəkillər vasitəsilə əlaqə saxlaya bilərlər, sosial şəbəkələrdə onları tam bloklayıb.
90plus.az xəbər verir ki, Bekhem ailəsində illərdir davam edən gərginlik yeni və gözlənilməz mərhələyə qədəm qoyub. Devid və Viktoriya Bekhemin böyük oğlu Bruklin Bekhem valideynlərinə rəsmi hüquqi bildiriş göndərərək bundan sonra onunla yalnız vəkillər vasitəsilə əlaqə saxlanılmasını tələb edib. Məktubda valideynlərə Bruklini sosial şəbəkələrdə qeyd etməmək (“tag” etməmək) göstərişi də yer alıb.
Bu addım ailədaxili münasibətlərin nə qədər dərin böhran yaşadığını açıq şəkildə ortaya qoyur.
“Like” qalmaqalı və bloklama qərarı
Hadisələrin kulminasiya nöqtəsi ötən ay Bruklinin İnstaqramda paylaşdığı pivədə bişirilmiş toyuq resepti videosu olub. Videoya anası Viktoriya Bekhemin “like” etməsi gözlənilməz şəkildə böyük qalmaqala səbəb olub. Məlumata görə, hüquqi bildirişdə qeyd olunan şərtlərin pozulduğunu düşünən Bruklin 48 saat ərzində valideynlərini və yaxın ailə üzvlərini sosial şəbəkələrdə bloklayıb.
Bu vəziyyətə kiçik qardaş Kruz Bekhem (20 yaş) də reaksiya verib və sosial şəbəkədə:
“Onlar oyandılar və bloklanmışdılar… mən də” – paylaşımı edib.
Məktub aylar əvvəl göndərilib
Mənbələrin bildirdiyinə görə, Bruklin bu qərarı ani emosiyalarla yox, aylarla davam edən narazılıqlardan sonra verib. O və həyat yoldaşı, aktrisa Nikola Peltz ötən yay valideynlərinə rəsmi məktub göndərərək ailə probleminin ictimaiyyət qarşısında deyil, gizli və şəxsi şəkildə həll olunmasını istəyiblər.
Məktubda bütün yazışmaların yalnız vəkillər üzərindən aparılması xahiş edilib. Bruklin hesab edib ki, valideynləri onun bu istəyinə məhəl qoymayaraq sosial şəbəkələrdə adını çəkməyə və dolayı yolla ictimai mesajlar verməyə davam ediblər.
Valideynlərin mövqeyi
Devid və Viktoriya Bekhemə yaxın mənbələr isə bildirir ki, valideynlərin niyyəti tamamilə fərqli olub. Onlar Bruklinə qapının hər zaman açıq olduğunu, onu sevdiklərini və barışığa hazır olduqlarını göstərməyə çalışıblar.
“Bu məktubdan sonra Bruklinlə birbaşa əlaqə qurmaq imkanları qalmayıb. Sosial şəbəkə isə onun onları düşündüyünü göstərməyin yeganə yolu idi. Onlar nə etsələr, səhv anlaşılır.”
Qeyd: Devid və Viktoriya Bekhem hazırda Kral III Çarlzın da hüquqi xidmətlərindən yararlandığı ‘Harbottle & Lewis’ hüquq firması tərəfindən təmsil olunurlar.
Nikola Peltz də ailəni bloklayıb
Məlumata görə, Nikola Peltz (31 yaş) da artıq Bekhem ailəsini sosial şəbəkələrdə bloklayıb. Bununla belə, Bruklin nənə-babaları və digər qohumları ilə əlaqəni tam kəsməyib. O, son altı ay ərzində həm ata, həm ana tərəfdən nənə-babası ilə telefon danışqları aparıb, mesajlaşıb və bayram günlərində onlarla əlaqə saxlayıb.
Bu fakt Devid və Viktoriya tərəfindən müsbət qarşılanıb və müəyyən ümidlərin qalmasına səbəb olub.
Münaqişənin kökləri: toy və köhnə incikliklər
Bekhemlərlə Bruklin–Nikola cütlüyü arasındakı gərginliyin əsası təxminən dörd il əvvəl qoyulub. Cütlüyə yaxın şəxslər münaqişənin Bruklinin qardaşı Romeonun Bruklinin keçmiş sevgilisi Kim Törnbull ilə münasibətə başlamasından sonra dərinləşdiyini iddia edir.
Bekhemlər isə problemi Nikolada görür, onun “çətin xarakterli” olduğunu düşünür və Bruklinlə Kim arasında romantik münasibətin mövcudluğunu inkar edirlər.
Gərginlik xüsusilə 2022-ci ildəki toy ərəfəsində pik həddə çatıb. Nikola sonradan verdiyi müsahibədə Viktoriya Bekhemin ona gəlinlik dizayn etməkdən imtina etdiyini açıqlayıb. Toy günü isə müğənni Mark Entoninin Viktoriya Bekhemi “zalın ən gözəl qadını” adlandırması qalmaqalı daha da böyüdüb.
Mənbələrə görə, həmin gün həm Bruklin, həm də Nikola göz yaşlarını saxlaya bilməyiblər və o vaxtdan bəri münasibətlər tam normallaşmayıb.
Sosial şəbəkələrdə “səssiz müharibə”
Maraqlıdır ki, ötən il Bruklinin qardaşları Romeo və Kruz da onu qısa müddətlik sosial şəbəkələrdə bloklamış, daha sonra bu addımdan geri çəkilmişdilər. Bruklinin yaxın ətrafı indiki vəziyyəti ailədaxili “ilk böyük sosial media müharibəsi” kimi qiymətləndirir.
Hazırda tərəflər yalnız vəkillər vasitəsilə ünsiyyət saxlayır və rəsmi barışıq perspektivi yaxın görünmür. Lakin Bruklinin nənə-babası ilə əlaqəni qoruması ailədə tam qopmanın qarşısını alan yeganə ümid kimi dəyərləndirilir.