Belçikadan ardıcıl ikinci çempionluq

Belçika İspaniyanı məğlub edərək qadınlar "EuroBasketball" 2025-də ardıcıl ikinci dəfə çempion oldu.
90plus.az xəbər verir ki, 2025-ci ilin FIBA Qadınlar Avropa Basketbol Çempionatının finalında Belçika İspaniyanı 67-65 məğlub edərək növbəti böyük uğura imza atıb. Bu, Belçikanın ardıcıl ikinci Avropa çempionluğu oldu.
Final oyunu çox gərgin keçib. İlk hissədə İspaniya 37-31 hesabı ilə üstün olsa da, Belçika Meessemanın üçüncü dövrədə oyuna ağırlığını qoyması ilə hesabı bərabərləşdirib. Son hissəyə 52-49 İspaniya önündə başlayıb.
Oyun bitməyə 3 dəqiqə qalmış İspaniya 12 xallıq üstünlük əldə etmişdi - 65-53. Lakin Belçika möhtəşəm bir 14-0 seriyası ilə fərqi aradan qaldırdı və matçdan 67-65 qalib ayrıldı.
Belçikanın ulduzları arasında Meesseman 16 xal, 11 ribaund, 7 asist və 5 top qoparma ilə önə çıxıb. Allemand 19, Linskens isə 17 xal toplayıb. İspaniya tərəfdə isə Ayuso, Pueyo və Ginzo 11 xal qazansalar da, bu yetərli olmadı.
Turnirin ən dəyərli oyunçusu (MVP) seçilən Emma Meesseman finalda da möhtəşəm performans nümayiş etdirərək Belçikanın qələbəsində əsas rol oynadı.
Qeyd: Belçika ilk çempionluğunu 2023-cü ildə qazanmışdı və bu il də titulunu qoruyaraq ardıcıl ikinci dəfə qızıl medal əldə etdi. İspaniya isə son 5 turnirdə 4-cü dəfə finalda uduzaraq gümüş medalla kifayətləndi.
Turnirdə İtaliya isə 69-54 hesabı ilə Fransanı məğlub edərək bürünc medal qazandı.
© Copyright 2025, All Rights Reserved