Bellingem İngiltərədə “İlin oyunçusu”dur

“Real Madrid”in yarımmüdafiəçisi Cud Bellingem azarkeşlərin səsi ilə 2024/25 mövsümündə İngiltərə millisinin “İlin oyunçusu” seçilib. Bu, 22 yaşlı futbolçu üçün tarixi uğurdur.
90plus.az xəbər verir ki, Bellingem “Arsenal”ın kapitanı Deklan Rays və “Bayern Münhen”in hücumçusu Harri Keyni qabaqlayaraq nüfuzlu mükafata layiq görülüb. O, İngiltərə klublarından kənarda çıxış edərkən bu titulu qazanan ikinci oyunçudur. İlk dəfə bunu 2006-cı ildə “Bayern Münhen”də oynayarkən Ouen Harqrevs bacarmışdı.
Bellingemin ötən mövsüm İngiltərə millisindəki parlaq çıxışı onun beynəlxalq arenadakı nüfuzunu daha da artırdı. O, 8 oyunda forma geyinərək ötən payız müvəqqəti baş məşqçi Li Karslinin rəhbərliyi altında UEFA Millətlər Liqasında yığmanın yüksəlişində mühüm rol oynayıb, həmçinin bu ilin mart və iyun aylarında yeni baş məşqçi Tomas Tuxelin rəhbərliyi ilə FIFA 2026 Dünya Çempionatının Avropa seçmə mərhələsində yaxşı starta töhfə verib.
Onun təsiri danılmaz olub: Bellingem oktyabrda “Uembli”də Yunanıstana qarşı 3:1 hesablı qələbədə qol vurub, noyabrda isə İrlandiyaya qarşı 5:0 hesablı darmadağında “matçın ən yaxşı oyunçusu” seçilib.
“Real Madrid”in ulduzu həm də yaradıcılığı ilə yadda qalıb – mart ayında Albaniyaya qarşı görüşdə Mayls Lyuis-Skelinin millidəki ilk qoluna ötürmə verib, İrlandiyaya qarşı matçda isə daha iki məhsuldar ötürmə edib.
© Copyright 2025, All Rights Reserved