Bellingem əvəzləndi, ailəsi qalmaqal yaratdı

Almaniyanın "Borussiya Dortmund" klubunda forma geyinən Coub Bellingemin oyundan alınmasından sonra futbolçunun ailəsi klub daxilində qalmaqal yaradıb.
90plus.az xəbər verir ki, Bundesliqanın ilk turunda "Borussiya Dortmund" "Sankt Pauli" ilə qarşılaşıb və oyun 3:3 hesablı heç-heçə ilə başa çatıb. "Real Madrid"in ulduzu Cud Bellingemin qardaşı olan Coub Bellingem qarşılaşmanın ilk hissəsindən sonra əvəzlənib. Lakin bu qərar Bellingem ailəsinin narazılığına səbəb olub.
"Sky Sports"un məlumatına görə, Coub Bellingemin atası və eyni zamanda meneceri olan Mark Bellingem matçdan sonra tunelə keçərək "Borussiya Dortmund"un idman direktoru Sebastyan Kel ilə mübahisə edib. Bildirilir ki, Mark tənqidlərini yüksək səslə ifadə edərək soyunma otağı koridorlarında gərgin anlar yaradıb.
Alman "Bild" nəşrinin xəbərinə görə, Mark daha sonra baş məşqçi Niko Kovaçla görüşmək istədiyini də bildirib.
Baş verən hadisələrin ardından "Borussiya Dortmund" rəhbərliyi hərəkətə keçib. Klubun rəsmi açıqlamasına əsasən, bundan sonra futbolçular, məşqçilər və rəsmi şəxslər istisna olmaqla, heç kimə soyunma otağı ətrafına giriş icazəsi verilməyəcək.
© Copyright 2025, All Rights Reserved