“Benfika” futbolçusunun müdafiəsinə qalxdı: “İrqçi söz deməyib”
“Benfika”dan Prestyanni açıqlaması: “İrqçi ifadə işlətməyib”.
90plus.az xəbər verir ki, Portuqaliyanın “Benfika” klubu yarımmüdafiəçi Canluka Prestianni ilə bağlı yayılan iddialara rəsmi münasibət bildirib.
Portuqaliya mətbuatında futbolçunun ötən həftə “Real Madrid”lə Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda madridlilərin hücumçusu Vinisius Junior ünvanına irqçi ifadə işlətdiyini komanda daxilində etiraf etdiyi barədə xəbərlər yayılmışdı. Xüsusilə “Correio da Manhã” nəşri argentinalının Vinisiusu “meymun” adlandırdığını yazmışdı.
Lakin “Benfika” yayımladığı rəsmi bəyanatda bu iddianı qəti şəkildə təkzib edib:
“Sport Lisboa e Benfica qətiyyətlə bildirir ki, futbolçu Prestianni nə komandaya, nə də klub rəhbərliyinə ‘Real Madrid’in oyunçusu Vinisius Jr.-a qarşı irqçi ifadə işlətdiyini deyib.
Daha əvvəl açıqlandığı kimi, futbolçu yalnız ‘Real Madrid’lə oyun zamanı baş vermiş insidentin miqyası və nəticələrinə görə komanda yoldaşlarından üzr istəyib və ilk gündən olduğu kimi, irqçi olmadığını vurğulayıb”.
Klubun açıqlamasında qeyd olunur ki, Prestianninin komanda yoldaşlarından istədiyi üzr irqçilik etirafı deyil, yaranmış qalmaqalın miqyası və nəticələri ilə bağlı olub.
Xatırlatma: Vinisius Junior ilk oyunda ona qarşı “mono” (ispancadan tərcümədə “meymun”) ifadəsinin səsləndirildiyini iddia etmişdi. Bundan sonra UEFA məsələ ilə bağlı araşdırmaya başlayıb və Prestiannini bir oyunluq müvəqqəti diskvalifikasiya etmişdi. “Benfika” futbolçunun cavab oyununda iştirak etməsi üçün qərardan apellyasiya şikayəti versə də, şikayət təmin olunmayıb.
Prestianni isə ittihamlar ortaya çıxdığı ilk gündən etibarən irqçi ifadə işlətmədiyini və sözlərinin bu cür yozulmasının düzgün olmadığını bildirib.
© Copyright 2026, All Rights Reserved