"Benfika"nın hücumçusu: "Sabah oyunçularımızın bacarıqlarını görəcəksiz"

"Çempionlar Liqasına uğurlu start vermək niyyətindəyik və hər zamankı kimi hücum yönümlü futbol nümayiş etdirməyi planlaşdırırıq. Bizim üçün ən önəmli məsələ qələbə qazanmaqdır."
90plus.az xəbər verir ki, bu fikirləri “Benfika”nın oyunçusu Vangelis Pavlidis UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ”la sabah baş tutacaq qarşılaşma öncəsi təşkil olunan mətbuat konfransında səsləndirib.
O, “Qarabağ”la görüşə hazırlaşmaq üçün kifayət qədər zamanlarının olmadığını qeyd edib:
“Məşqçimiz də, komanda da anlayır ki, mövsümə lazım olan şəkildə hazırlaşmağa imkanımız olmayıb. Millilərin oyunları səbəbilə çempionatda yaranan fasilə də buna təsir göstərdi. Vaxt az idi, lakin çatışmazlıqları aradan qaldırmaq üçün daha çox çalışacağıq."
Pavlidis həmçinin sabahkı qarşılaşmada komanda olaraq nə qədər keyfiyyətli olduqlarını nümayiş etdirəcəklərini bildirib:
“‘Santa Klara’ ilə oyunumuz istədiyimiz kimi alınmadı. İnsanların bizim barədə mənfi fikirlər söylədiyini eşidirəm – guya yaxşı oyunçular deyilik və ya yaxşı futbol oynamırıq. Məncə, bu, sadəcə uğursuz bir oyun idi. Sabah isə göstərəcəyik ki, komandamız yüksək səviyyəli futbol sərgiləyə bilər. Həmçinin oyunçularımızın fərdi bacarıqlarını da görəcəksiniz.”
Xatırlatma: “Benfika” – “Qarabağ” matçı sabah Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
© Copyright 2025, All Rights Reserved