Benjamin Şeşko iki klubun hədəfidir

“Leypsiq” “Nyukasl”ın Benjamin Şeşko üçün yeni təklifini qəbul etməyib – “Mançester Yunayted” hələ rəsmi təklif göndərməyib.
90plus.az xəbər verir ki, “RB Leypsiq” sloveniya millisinin hücumçusu Benjamin Şeşko üçün “Nyukasl Yunayted”dən artırılmış transfer təklifi alıb. Bu barədə jurnalist Devid Ornştin məlumat yayıb.
İngiltərə klubu ilk mərhələdə 75 milyon avro + 5 milyon bonus təklif etmişdi, lakin bu məbləğ rədd olunub. Yeni təklifin isə ən azı 80 milyon avro olduğu bildirilir.
“Mançester Yunayted” də 22 yaşlı hücumçunun xidmətində maraqlıdır, lakin hələlik rəsmi təklif göndərməyib. Məlumata görə, “qırmızı şeytanlar”ın təklif etməyi planlaşdırdığı məbləğ “Nyukasl”ın təklifindən geri qalır, bu isə Premyer Liqa təmsilçisinə danışıqlarda üstünlük verir.
“Nyukasl”ın həmsahibi Ceymi Rubenin “Leypsiq” və futbolçunun özü ilə müsbət görüş keçirdiyi deyilir. Klub futbolçunu qısa müddətdə transfer etmək niyyətindədir. Amma hələ ki, razılıq əldə olunmayıb.
“RB Leypsiq” mövqeyini dəyişmir və yalnız futbolçu üçün istədikləri məbləğ qarşılandığı halda onu buraxacaqlarını bildiriblər. Bu isə o deməkdir ki, həm “Nyukasl”, həm də “Mançester Yunayted” futbolçunun transferini reallaşdırmaq üçün “Leypsiq”in tələblərini tam ödəməlidir.
Futbolçunun şəxsi seçimi də bu transferin taleyində həlledici olacaq.
© Copyright 2025, All Rights Reserved