Berdiyev: “Hakimlərdən heç kimi tanımıram”
“Turan Tovuz”dan vacib qələbə – Berdiyev və İliçdən oyuna sərt reaksiyalar gəldi.
90plus.az xəbər verir ki, Misli Premyer Liqasının 27-ci turunda “Turan Tovuz” doğma meydanda “Sumqayıt”ı 2:1 hesabı ilə məğlub edib. Qarşılaşmadan sonra hər iki komandanın baş məşqçiləri mətbuat konfransında diqqətçəkən açıqlamalar veriblər.
“Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev qələbənin əhəmiyyətini vurğulayıb:
“Bizim üçün çox vacib bir qələbə idi. Futbolçularda oyunun ilk dəqiqələrindən müəyyən həyəcan hiss olunurdu. Allaha şükürlər olsun ki, çətinliklərə rəğmən qalib gəlməyi bacardıq”.
Təcrübəli mütəxəssis ikinci hissədə komandasında müəyyən arxayınlıq yarandığını da etiraf edib:
“Hesab 2:0 olduqdan sonra üstünlüyümüzü qorumağa çalışdıq. Bu müddətdə qapımızda bir qol görsək də, sevinirəm ki, hesab bərabərləşmədi və meydanı üç xalla tərk etdik”.
Berdiyev meydançanın vəziyyətindən razı qaldığını bildirib:
“Çox yaxşı idi. Ümid edirik ki, həmişə belə qalacaq. Klubun prezidentinə təşəkkür edirik ki, belə şərait yaradılıb. Çünki süni meydanda oynamaq çox çətindir”.
Hakimlərlə bağlı suala isə qısa cavab verib:
“Nə etmək olar? Oynamaq lazımdır. Amma hakimlərdən heç kimi tanımıram”.
“Qarabağ”la xal fərqinin azalmasına baxmayaraq, konkret hədəf qoymadığını deyib:
“Biz bu barədə bir neçə dəfə danışmışıq. Bizim üçün vacib olan növbəti görüşdür. Hər şey Allahın əlindədir. Vacib olan növbəti oyundur”.
Avrokuboklarla bağlı isə ehtiyatlı danışıb:
“İndidən fikir bildirmək çətindir. Heyətin möhkənlənməsindən və kimlərlə möhkəmləməyindən asılıdır. Amma hələ gedib ora çatmamışıq”.
Baş məşqçi Tovuzda oynamaq istədiklərini də qeyd edib:
“Əlbəttə. Tovuz bizim şəhərimizdir, bura bizim meydançamızdır. İstəyərdik”.
Müqavilə məsələsinə toxunan Berdiyev bildirib:
“Mən şərtlərdən razıyam. Amma qərarı klubun prezidenti verməlidir”.
“Sumqayıt”ın baş məşqçisi Saşa İliç isə əvvəlcə yayılan bir iddianı təkzib edib:
“Mənim Danilo Beskorovaynıy ilə münaqişəm haqqında yazan jurnalist buradadır? Bu xəbər doğru deyil. Belə yalan xəbərlərin yayılması həm oyunçu, həm klub, həm də mənim üçün çox üzücü və mənfi haldır”.
O, futbolçunun oynamama səbəbini belə izah edib:
“Danilonun oynamamasının bu iddialarla heç bir əlaqəsi yoxdur. Bayram fasiləsi zamanı onun Ukraynada sənədlərlə bağlı bəzi işləri var idi və bu səbəbdən məşqlərə üç gün gecikmişdi. Oynamaması da sırf bununla bağlıdır”.
İliç oyunu belə dəyərləndirib:
“Bu rəqiblə oynamaq hər dəfə çətin olur. İlk 15 dəqiqə bir az qorxaq futbol oynadıq. İkinci hissədəki oyunumuzdan razıyam. Kifayət qədər oyunu kontrol altında saxladıq”.
İlk hissədəki çıxışa isə belə münasibət bildirib:
“Düzünü deyim, bilmirəm. Ola bilər ki, stadionda ab-hava oyunçularıma təsir etdi. Öz səhvlərimizdən qollar buraxdıq”.
Hakim qərarlarına da toxunan baş məşqçi narazılığını gizlətməyib:
“Hakimlərlə bağlı məsələlər var. Hər dəfə onların səhvi təsirini göstərir. Özünüz də görürsünüz ki, hansısa oyunda hansısa epizodda penalti yox idi, ya var idi. Bu gün də əlavə vaxtı çox artırmaq olardı, amma olmadı. Bu cür kiçik səhvlər də nəticəyə təsir göstərir”.
Sonda isə komandasının Premyer Liqadan düşmə ehtimalını real saymadığını bildirib:
“Düşünmürəm. Təbii ki, hər şey ola bilər. Altı oyun qalıb. Amma inanmıram ki, bu baş versin”.