"Beşiktaş"dan ayrılan Çiro Immobile yeni klubunu tapdı

İtaliya A Seriyasının təmsilçisi "Bolonya" "Beşiktaş"la müqaviləsini ləğv edən təcrübəli hücumçu Çiro Immobile ilə rəsmi müqavilə bağladığını elan edib.
90plus.az xəbər verir ki, klub transferi sosial şəbəkə platforması X üzərindən yayımladığı paylaşımda təsdiqləyib. Rəsmi internet saytında yayımlanan açıqlamada bildirilib:
"Bolonya FC 1909 hücumçu Çiro Immobilenin transfer hüquqlarını tam şəkildə əldə etdiyini elan edir."
Açıqlamada Immobilenin qazandığı titullara da xüsusi yer ayrılıb. O, "Peskara" ilə 2011/12 mövsümündə B Seriya çempionluğu, "Borussiya Dortmund" ilə 2014-cü ildə Almaniya Superkuboku, "Latsio" ilə 2018/19 mövsümündə İtaliya Kuboku və 2017, 2019-cu illərdə İtaliya Superkuboku, "Beşiktaş" ilə isə 2024-cü ildə Türkiyə Superkuboku qazanıb.
İtaliya millisində 57 oyun keçirən Immobile 17 qol vuraraq, yığma tarixində ən çox qol vuran futbolçular siyahısında 16-cı pillədə qərarlaşıb.
2024-cü ilin iyul ayında "Latsio"dan "Beşiktaş"a transfer olunan Çiro Immobile İstanbul təmsilçisinin heyətində bütün turnirlərdə 41 matçda forma geyinib. Bu görüşlərdə 19 qol vuran və 4 asist edən forvard ümumilikdə 23 qol epizoduna imza atıb.
Mövsümün sonlarına yaxın performansındakı eniş səbəbilə azarkeşlər tərəfindən tənqid olunmuşdu.
© Copyright 2025, All Rights Reserved