“Bizi bir də erməni komandası ilə qarışdırma” Macar mediası yazır…

Bakıda “Qarabağ” – “Ferensvaroş”: Azarkeşlər meydanda möhtəşəm atmosfer yaradacaq.
90plus.az xəbər verir ki, avqustun 27-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək UEFA Çempionlar Liqasının “Qarabağ” – “Ferensvaroş” cavab matçı artıq Macarıstan mediasının da diqqət mərkəzindədir. Azərbaycan çempionu Budapeştdəki ilk görüşdə 3:1 hesabı ilə qələbə qazanıb. Lakin baş məşqçi Qurban Qurbanov da bildirib ki, mərhələnin taleyi hələ həll olunmayıb və komandaya indidən Liqa mərhələsini düşünmək yalnız zərər verə bilər.
promotions.hu saytının yazdığına görə, “Fradi” elit mərhələyə yüksəlmək üçün yaxın olsa da, “Qarabağ” qarşısında ciddi mübarizə aparmalıdır. “FTC Groupama Arena”dakı birinci hissədə “Ferensvaroş” yaxşı təsir bağışlayıb, lakin ikinci hissədə Azərbaycan çempionu üç qol vuraraq görüşü qələbə ilə başa vurub.
Cavab matçı Bakıda keçiriləcək və biletlər sürətlə satılır. Həftəsonuna qədər demək olar ki, bütün bilet qurtarıb. promotions.hu saytının yazdığına görə, “Ferensvaroş” azarkeşləri qarşısında “Qarabağ” fanatları cəhənnəm kimi bir atmosfer yaratmağa hazırlaşır.
“Magyar Nemzet” nəşri isə Azərbaycan azarkeşlərinin aktivliyini vurğulayıb. Onların Instagram paylaşımlarında fanatlar oyuna Azərbaycan bayraqları gətirməyə çağırılır. Nəşrin qeyd etdiyi kimi, bir şərh xüsusi diqqət çəkib: “Bizi bir daha erməni komandası ilə qarışdırma! Qarabağ FK erməni klubu deyil, Azərbaycanın çempionudur!”
Azarkeşlər həmçinin vizual aksiyalar hazırlayıblar. Sosial mediada paylaşılan fotolarda böyük Azərbaycan bayraqları açılır, stadionda asılacaq plakatlar və şüarlar nümayiş olunur. Fanatlar “Qarabağ”ın hər dəqiqəsini dəstəkləyəcəyini və rəqibə mesaj göndərəcəyini bildirirlər. Bir neçə paylaşımda isə stadiona gətiriləcək xüsusi fanartlar, bayraqlar və rəngli şüarlar nümayiş olunub, bununla da atmosferin möhtəşəm olacağına işarə edilir. Məqsəd açıqdır: “Ferensvaroş”a göstərmək ki, qarşılarında Azərbaycanın çempionu var və asan qələbə olmayacaq.
ƏLAVƏ: "TRT Spor"da "Qarabağ"dan danışdılar: https://t.me/doxsanplus/106677
Qeyd: Matç avqustun 27-si, yerli vaxtla saat 20:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda start götürəcək.