"Borussiya Dortmund" ayrılığı açıqladı
“Borussiya Dortmund”dan rəsmi açıqlama: Yulian Brandt mövsümün sonunda ayrılır.
90plus.az xəbər verir ki, Almaniya Bundesliqasında çempionluq uğrunda mübarizə aparan “Borussiya Dortmund” heyətlə bağlı mühüm qərarını açıqlayıb. Klub mövsümün sonunda müqaviləsi başa çatacaq yarımmüdafiəçi Julian Brandtın komandadan ayrılacağını rəsmən bildirib.
Bundesliqanın 25-ci turunda “Borussiya Dortmund” səfərdə “Köln” üzərində 2:1 hesablı qələbə qazanıb. Dortmund təmsilçisinin qollarını Serhou Guirassy və Maximilian Beier vurub. “Köln”ün yeganə qolunun müəllifi isə Jakub Kaminski olub. Qeyd edək ki, meydan sahiblərinin futbolçusu Jahmai Simpson-Pusey ilk hissədə qırmızı vərəqə alaraq komandasını 10 nəfərlə qoyub.
Qarşılaşmadan sonra açıqlama verən “Borussiya Dortmund”un idman direktoru Lars Riken ulduz futbolçu Yulian Brandtın gələcəyi barədə danışıb. O bildirib ki, tərəflər yeni müqavilə ilə bağlı razılığa gələ bilməyib.
Rikenin sözlərinə görə, danışıqlar aparılsa da müqavilənin uzadılmaması barədə ortaq qərar verilib:
“Danışıqlar oldu və hər iki tərəf müqavilənin uzadılmayacağı ilə bağlı razılaşdı. O, “Borussiya Dortmund” üçün çox sayda oyunda meydana çıxıb və biz ona minnətdarıq. Razılıq əldə edə bilmədik, lakin böyük hörmət çərçivəsində ayrıldığımızı düşünürəm. Bu, hər iki tərəf üçün yeni imkan deməkdir”.
Yulian Brandt 2019-cu ildə “Borussiya Dortmund”a transfer olunub. Alman futbolçu sarı-qara formada ümumilikdə 298 oyunda meydana çıxaraq 56 qol və 69 məhsuldar ötürmə ilə yadda qalıb. 29 yaşlı yarımmüdafiəçi Dortmund klubu ilə Almaniya Superkubokunu da qazanıb.
© Copyright 2026, All Rights Reserved