“Boston Seltiks” dayanmır: ardıcıl 5-ci qələbə
Amerika Basketbol Liqasında (NBA) “Boston Seltiks” səfərdə “Mayami Hit”i 98:96 hesabı ilə məğlub edərək ardıcıl 5-ci qələbəsini qazanıb.
90plus.az xəbər verir ki, görüşdə “Seltiks” 22 xallıq fərqlə geri düşməsinə baxmayaraq, əzmkar oyunu ilə qalib gəlməyi bacarıb. Komandanın heyətində Ceylen Braun 29 xal və 7 ribaund, Peyton Priçard 24 xal, Derrik Uayt isə 21 xal və 5 assistlə çıxış edib.
Transferdən sonra “Boston Seltiks”də ilk oyununa çıxan Nikola Vuçeviç 11 xal və 12 ribaund toplayaraq “dabl-dabl” edib.
“Mayami Hit”də oyunun bitməsinə 2,7 saniyə qalmış Davion Miçellin üçxallıq cəhdi dəqiq olmayıb. Ev sahiblərində Endryu Uiggins 26, Norman Pauell isə 24 xalla komandasına töhfə verib.
Şərq Konfransının lideri “Detroyt Pistons” doğma meydanda “Nyu York Niks”i 118:80 hesabı ilə darmadağın edərək rəqibinin 8 oyunluq qələbə seriyasına son qoyub.
“Pistons”da Deniss Cenkins 18 xal, Tobayas Harris və Ayzaya Stüart isə hərəyə 15 xalla qələbədə mühüm rol oynayıb.
“Niks”in heyətində Mikal Brics 19, Ceylen Branson 12, Cordan Klarkson isə 11 xal toplayıb.
© Copyright 2026, All Rights Reserved