Braziliyada qalmaqal: 23 qırmızı vərəqə göstərildi
Braziliyada “Kruzeyro” ilə “Atletiko Mineyro” arasında keçirilən Mineyro ştat çempionatının final oyunu böyük qalmaqalla yadda qalıb. Oyunun son saniyələrində futbolçular və məşqçi heyəti arasında kütləvi dava baş verib və nəticədə hakim ümumilikdə 23 qırmızı vərəqə göstərib.
90plus.az xəbər verir ki, Belo Horizonte şəhərində yerləşən Mineirao stadionunda keçirilən qarşılaşma “Kruzeyro”nun 1:0 hesablı qələbəsi ilə başa çatıb və mavi-ağlar kuboka sahib çıxıb. Lakin matçın son anlarında yaşanan insident gecənin əsas mövzusuna çevrilib.
Hadisə oyunun 90+6-cı dəqiqəsində “Atletiko Mineyro”nun cərimə meydançasında qapıçı Everson ilə “Kruzeyro”nun yarımmüdafiəçisi Kristian arasında toqquşma ilə başlayıb. Epizoddan sonra qapıçı rəqibini itələyib və dizləri ilə onun üzərinə basıb. Bu vəziyyəti görən “Kruzeyro” futbolçuları Eversona tərəf qaçıblar və qapı önündə başlayan qarşıdurma qısa müddətdə bütün meydançaya yayılıb.
Futbolçuların bir-birinə təpik və yumruqlar atdığı davada “Atletiko Mineyro”nun ulduz hücumçusu Hulk da diqqət mərkəzində olub. 39 yaşlı futbolçu rəqiblərlə fiziki qarşıdurmaya girib və özü də zərbələrə məruz qalıb.
İki dəqiqədən çox davam edən dava səbəbindən oyun təxminən 10 dəqiqə dayanıb. Təhlükəsizlik əməkdaşları və polis vəziyyəti sakitləşdirməkdə çətinlik çəkib.
Matçın baş hakimi Matheus Candançan hesabatında qeyd edib ki, hadisələr zamanı meydanda tam nəzarət etmək mümkün olmayıb, lakin sonradan 23 futbolçunun meydandan qovulduğunu protokola yazıb.
Qırmızı vərəqə alan futbolçular:
“Kruzeyro”: Cassio, Fagner, Fabricio Bruno, Joao Marcelo, Villalba, Kaua Prates, Christian, Lucas Romero, Matheus Henrique, Walace, Gerson, Kaio Jorge.
“Atletiko Mineyro”: Everson, Gabriel Delfim, Preciado, Lyanco, Ruan Tressoldi, Junior Alonso, Renan Lodi, Alan Franco, Alan Minda, Cassierra, Hulk.