Bundesliqada ilk: Qadın baş məşqçi oldu
“Yunion Berlin” klubunda tarixi qərar qəbul olunub və Mari-Luiza Eta mövsümün sonuna qədər müvəqqəti baş məşqçi təyin edilib.
90plus.az xəbər verir ki, komanda son turda “Haydenhaym”a 1:3 hesabı ilə məğlub olduqdan sonra baş məşqçi Şteffen Baumqart istefaya göndərilib.
Bu təyinatla Mari-Luiza Eta Bundesliqada kişilərdən ibarət komandaya baş məşqçilik edən ilk qadın kimi tarixə düşüb.
34 yaşlı xanım baş məşqçi klubun saytına belə açıqlama verib: "Çətin anlarda bütün qüvvələri birləşdirmək bacarığı həmişə "Yunion"un fərqləndirici xüsusiyyəti olub və elə də qalır. Mən tam əminəm ki, bu komanda ilə birlikdə lazımi xalları toplaya biləcəyik".
Qeyd: 29 turdan sonra aktivində 32 xal olan "Yunion" Bundesliqanın turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.
© Copyright 2026, All Rights Reserved