Çalhanoğlu: “Bu məğlubiyyət bizi oyatmalıdır”
Hakan Çalhanoğlu: “Bu məğlubiyyət bizi oyatmalıdır”.
90plus.az xəbər verir ki, Türkiyə millisinin kapitanı Hakan Çalhanoğlu DÇ-2026-nın qrup mərhələsində Avstraliyaya 0:2 hesablı məğlubiyyətdən sonra komandanın çıxışını dəyərləndirib.
Təcrübəli yarımmüdafiəçi nəticənin gözlənilməz olduğunu bildirib və buraxılan qolların sadə səhvlərdən qaynaqlandığını vurğulayıb.
“Bu hesabı heç kim gözləmirdi. Rəqib cəmi bir neçə fürsət əldə etdi və iki uzun ötürmədən sonra qollar vurdu. Biz isə yaratdığımız imkanları dəyərləndirə bilmədik. Oyunun böyük hissəsində üstün tərəf olsaq da, nəticə istədiyimiz kimi olmadı”, – deyə Çalhanoğlu qeyd edib.
Millinin kapitanı komandanın turnirdəki vəziyyətini də dəyərləndirib. O, uğursuz startın məyusedici olduğunu qəbul etsə də, mundialda mübarizənin davam etdiyini xatırladıb.
“Hərdən belə zərbələr komandanın özünə gəlməsi üçün lazım olur. Bu oyundan nəticə çıxarmalıyıq. Qarşıdakı matçlarda daha diqqətli, daha intizamlı və daha məsuliyyətli çıxış etməliyik. Hələ hər şey öz əlimizdədir”, – deyə o əlavə edib.
Çalhanoğlu həmçinin qrupda hələ iki qarşılaşmanın qaldığını vurğulayaraq Türkiyə millisinin növbəti oyunlarda itirilən xalları kompensasiya edə biləcəyinə inandığını bildirib.
Qeyd: Türkiyə yığması DÇ-2026-nın D qrupunda ABŞ, Paraqvay və Avstraliya ilə mübarizə aparır. İlk turdan sonra komanda hesabında xal olmadan qalıb.
© Copyright 2026, All Rights Reserved