Çeferin: "UEFA yalnız 12 klub üçün turnir keçirməyəcək"

UEFA prezidenti Aleksander Çeferin Avropa Futbol Klubları Assosiasiyasının (ECA) ümumi iclasında çıxış edərək, Avropa Super Liqası kimi turnirlərə qəti şəkildə qarşı olduğunu bir daha bəyan edib.
90plus.az xəbər verir ki, Çeferin çıxışında Avropa futbolunun inklüzivliyinə diqqət çəkərək bildirib:
"UEFA, yalnız 12 klub üçün heç vaxt turnir təşkil etməyəcək."
O, «Avropa Super Liqası»nın təşkili ideyasını sərt tənqid edib və qeyd edib ki, Avropa dünya futbolunun standartlarını müəyyənləşdirən əsas bölgədir:
"Elə buna görə də, oyunu yenidən formalaşdırmaq üçün kənardan müdaxilələr görürük."
Çeferin həmçinin futbolun təməlində dəyişikliklərin hər zaman olduğunu qəbul etsə də, bu dəyişikliklərin hər kəsi gücləndirən və bərabərliyi qoruyan islahatlar əsasında aparılmasının vacibliyini vurğulayıb:
"Dəyişiklik futbola xasdır. Amma əsl dəyər — birlikdən, balansdan və yalnız bəzilərini deyil, hamını gücləndirən reformalardan doğur."
2021-ci ildə Avropa Super Liqası layihəsi Avropanın ən nüfuzlu 12 klubunun təşəbbüsü ilə gündəmə gəlmişdi. Bu layihə UEFA-nın təşkil etdiyi Çempionlar Liqasını əvəzləməyi hədəfləyirdi. Lakin layihə həm ictimai, həm də təşkilati səviyyədə böyük tənqidlərə tuş gəldi və uğursuzluqla nəticələndi.
© Copyright 2025, All Rights Reserved