Cekodan İtaliya millisinə atmaca: "Qorxurlarsa, problem var"
FIFA 2026 Dünya Kuboku play-off finalında Bosniya və Herseqovina ilə İtaliya üz-üzə gələcək. Kritik qarşılaşma öncəsi İtaliya futbolçularının Bosniya ilə qarşılaşmadan duyduğu sevinc qısa müddətdə gündəmə gəlib.
90plus.az xəbər verir ki, Bosniya və Herseqovinanın təcrübəli futbolçusu və sabiq “Fənərbağça” oyunçusu Edin Ceko emosiyaların böyüdüyünü vurğulayaraq sükunət çağırışı edib.
Ceko bildirib: “Hər kəsin nəyə qadir olduğu görünür, amma bunu lüzumsuz yerə böyüdürlər, bu normaldır. Dimarco mənə mesaj yolladı və heç kimi incitmək niyyətində olmadığını söylədi. Mən də ‘Nədən söhbət gedir? Ortada heç bir problem yoxdur’ cavabını verdim.”
Karyerasının böyük bir hissəsini İtaliyada keçirən təcrübəli hücumçu, italyanların qorxusunu anlaya bilmədiyini söyləyib:
“Niyə Uels ilə oynamaq istəmədiklərini anlamıram. İtaliya inanılmaz bir komandadır, dörd dəfə Dünya Kuboku qazanıb. Əgər Uels ilə qarşılaşmaqdan qorxurlarsa, ortada problem var. Həmçinin qəbul etməlidirlər ki, Bosniya və Herseqovina qarşısında da çətinlik çəkə bilərlər. Onlar üst-üstə iki Dünya Kubokunu qaçırdıqdan sonra böyük bir təzyiq altındadır. Bu da qorxduqları anlamına gəlir.”
ℹ️ Ceko play-offun yarımfinalında Uelsə qarşı 86-cı dəqiqədə vurduğu qol ilə matçı əlavə vaxta daşıyaraq komandasının finala çıxmasına böyük töhfə vermişdi.
© Copyright 2026, All Rights Reserved