"Çelsi" "Brayton"un hücumçusunu aldı

İngiltərə Premyer Liqasının nəhənglərindən olan "Çelsi" "Brayton Hov Albiyon" klubunun 23 yaşlı braziliyalı hücumçusu Joao Pedro ilə uzunmüddətli müqavilə imzalayıb.
90plus.az xəbər verir ki, klubun rəsmi saytında yayımlanan açıqlamada qeyd olunur: “Çelsi” “Brayton Hov Albiyon”dan braziliyalı ulduz Joao Pedro ilə anlaşma əldə etdiyini məmnuniyyətlə elan edir.”
Gənc hücumçu ilə 2033-cü ilə qədər müddəti olan müqavilə imzalanıb. O, "Palmeiras"a qarşı oynanacaq FIFA Klublararası Dünya Çempionatının 1/4 final matçından əvvəl komandaya qoşulacaq. Joao Pedro ötən mövsüm "Brayton" formasında Premyer Liqada 27 oyuna çıxaraq 10 qol vurub.
Joao Pedro son illərdə "Çelsi"nin "Brayton"dan heyətinə qatdığı növbəti futbolçudur. 2022-ci ildə London təmsilçisi ispaniyalı müdafiəçi Mark Kukurellanı 65 milyon avrodan artıq bir məbləğ qarşılığında transfer etmişdi. Ardınca klub "Brayton"un baş məşqçisi Qraham Potter üçün təzminat ödəyərək onu komandaya gətirmişdi.
2023-cü ildə isə "Çelsi" eyni klubdan ekvadorlu yarımmüdafiəçi Moises Kaysedonu təxminən 133 milyon avroya heyətinə qatmışdı.
© Copyright 2025, All Rights Reserved