“Çelsi” stadionunu başqa yerə köçürür
“Çelsi” yeni stadion qərarı ərəfəsində – başqa əraziyə köçürülür.
90plus.az xəbər verir ki, İngiltərənin “Çelsi” klubu uzun müddətdir davam edən stadion məsələsində həlledici mərhələyə çatıb. Klub rəhbərliyi hazırkı “Stamford Brij” stadionunun yenidən qurulması ilə yaxınlıqdakı Erls Kort ərazisinə köçmək variantı arasında intensiv müzakirələr aparır.
“Zadəganlar” 60 min azarkeş tutumuna malik müasir arena inşa etmək niyyətindədir. Bu baxımdan əsas seçim kimi nəzərdən keçirilən təxminən 18 hektar sahəyə malik Erls Kort layihəsi son qərarlardan sonra çətinləşib. Belə ki, yerli şuralar həmin ərazidə 4 min mənzil və ticarət obyektlərini əhatə edən 10 milyard funtluq layihəni təsdiqləyib və bu plana futbol stadionu daxil edilməyib.
Buna baxmayaraq, məsələ tam bağlanmış sayılmır. Layihəni həyata keçirən şirkətin hələ bütün özəl maliyyəni təmin etməməsi “Çelsi” üçün müəyyən imkan pəncərəsi saxlayır. Klub daxilində hesab edilir ki, uyğun şərait yaranarsa, Erls Kort variantı yenidən aktuallaşa bilər.
Bu ssenari reallaşarsa, London təmsilçisi yeni stadionun tikintisi dövründə “Stamford Brij”də oynamağa davam edə bilər. Bu isə “Tottenhem”in yeni arenası tikilən zaman “Uembli”yə köçməsi ilə müqayisədə daha əlverişli variant sayılır.
Hazırda “Çelsi” rəhbərliyi qarşısında iki seçim dayanır: klubun tarixini simvolizə edən “Stamford Brij”i yenidən qurmaq, yoxsa daha böyük və müasir stadion üçün yeni məkana köçmək. Bu qərarın klubun gələcək inkişaf strategiyasında mühüm rol oynayacağı gözlənilir.
© Copyright 2026, All Rights Reserved