“Çelsi”dən “Borussiya Dortmund”a keçdi

“Borussiya Dortmund” Aaron Anselminonu rəsmən icarəyə götürdü.
90plus.az xəbər verir ki, “Borussiya Dortmund” “Çelsi”dən Aaron Anselminonun transferini açıqlayıb. 20 yaşlı futbolçu mövsümün sonuna qədər icarə əsasında Almaniya klubunda çıxış edəcək.
“Sky Germany”nin məlumatına görə, Dortmund tərəfi icarə üçün əlavə ödəniş etməyəcək, lakin oyunçunun maaşını tam şəkildə qarşılayacaq.
Anselmino “Çelsi”nin heyətində indiyə qədər yalnız bir oyun keçirib – Klubların Dünya Çempionatında “Benfika”ya qarşı görüşdə qısa müddət meydanda olub.
Dortmundun idman direktoru Sebastyan Kehl transferlə bağlı deyib:
"Biz Aaronu daha “Boka Xuniors”da oynadığı vaxtdan izləyirik. Hazırkı vəziyyətdə çox yaxşı həll yoludur. Gənc yaşında böyük arenalarda keyfiyyətini göstərib. Onu tez bir zamanda komandaya inteqrasiya edəcəyik, çünki bizə dərhal lazımdır. Sarı-qara formada Aaronu görməyi səbirsizliklə gözləyirik”.
20 yaşlı müdafiəçi Dortmundun arxa xəttində böyük ehtiyac duyduğu mövqeni gücləndirəcək. Hazırda komandanın yalnız bir təcrübəli mərkəz müdafiəçisi – Valdemar Anton mövcuddur. Filippo Manenin son turda “Zankt Pauli”yə qarşı gördüyü qırmızı vərəqədən sonra heyətdə seçim imkanları daha da məhdudlaşıb. Klubun əlavə olaraq “Tuluza”nın müdafiəçisi Çarli Kresuelli transfer edib-etməyəcəyi isə hələlik bəlli deyil.
Qeyd: Dortmund transfer çalışmalarını sürətləndirib. Dünən komanda “Çelsi”dən Karni Çukuemekanı tam transfer etdiyini açıqlayıb. Növbəti hədəf isə “Vulverhempton”un hücumçusu Fabio Silva olacaq.
© Copyright 2025, All Rights Reserved