Çempionlar Liqası: Qol buraxmayan 2 klub var, biri “Qarabağ”

“Qarabağ” Çempionlar Liqasında məğlubedilməz iki komandadan biridir.
90plus.az xəbər verir ki, UEFA Çempionlar Liqasının təsnifat mərhələsində mübarizə aparan “Qarabağ” 3-cü təsnifat mərhələsində daha bir qələbəyə qol buraxmadan imza atdı. Qurban Qurbanovun komandası səfərdə “Şkendiya”ya 1:0 hesabı ilə qalib gələrək mərhələni üstünlüklə başlamağı bacardı.
Bu, “Qarabağ”ın cari mövsümdə Çempionlar Liqasında keçirdiyi 3-cü oyunda 3-cü qələbəsidir. Komanda 2-ci təsnifat mərhələsində “Şelburn”u hər iki görüşdə məğlub etmişdi – əvvəlcə 3:0, daha sonra 1:0 hesabı ilə.
UEFA-nın rəsmi statistikasına əsasən, “Qarabağ” turnirin təsnifat mərhələsində indiyədək qapısından qol buraxmayan iki klubdan biridir. Digər toxunulmazlıq seriyası isə Danimarka təmsilçisi “Kopenhagen”ə məxsusdur. Hər iki komanda bu göstəricidə liderdir.
Ümumilikdə, bu mərhələlərdə 44 komanda iştirak edir. Onlardan yalnız 2-si qapısını “təmiz” saxlayıb. Ən çox qol buraxan komanda isə 9 topa boyun əyən İslandiya təmsilçisi “Breydablik”dir.
“Qarabağ”ın növbəti oyunu avqustun 12-də keçiriləcək cavab qarşılaşması olacaq.
© Copyright 2025, All Rights Reserved