Çempionlar Liqasında formaya nömrəni qələmlə yazdılar

Çempionlar Liqasında unudulmaz epizod: futbolçunun nömrəsini qələmlə yazdılar!
90plus.az xəbər verir ki, UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Uels təmsilçisi “The New Saints” (TNS) və Şimali Makedoniyanın “Şkendiya” klubları arasında baş tutan ilk oyun yaddaşlarda qeyri-adi bir hadisə ilə qaldı.
Meydan sahiblərinin yarımmüdafiəçisi Rori Holden ilk hissədə yüngül zədə alsa da, oyuna davam edə bilib. Lakin irlandiyalı baş hakim Robert Henessi futbolçunun qan ləkəsi olan formasını dəyişməsini tələb edib. Burada isə gözlənilməz problem ortaya çıxıb — “TNS”in ehtiyat formasının olmaması.
Bu vəziyyətdə komanda kreativ bir yol tapıb: adsız formanın arxasına qələmlə Holdenə məxsus nömrə yazılıb və futbolçu həmin formada oyuna davam edib. O, 79-cu dəqiqəyə qədər meydanda qaldı.
Bütün bu qeyri-adi olay fonunda qarşılaşmanın özü isə qolsuz bərabərliklə başa çatıb. Cavab oyunu iyulun 15-də Skopyedə keçiriləcək.
UEFA-nın dəqiq protokollarına baxmayaraq, bu hadisə azarkeşlər arasında həm təəccüb, həm də təbəssüm doğurub. Bəlkə də uzun müddət “Çempionlar Liqasının ən sadə formalı futbolçusu” titulu Rori Holdendə qalacaq.
© Copyright 2025, All Rights Reserved