Dani Karvaxal rekord üçqn dönür

“Real Madrid”in kapitanı Dani Karvaxal tarix yazmağa çox yaxındır. O, klub tarixində ən çox titul qazanan futbolçu olan Luka Modriçin rekordunu (28 titul) təkrarlamaq və ya geridə qoymaq ərəfəsindədir.
90plus.az xəbər verir ki, 33 yaşlı müdafiəçi ciddi diz zədəsini geridə qoyaraq həm əsas heyətdə yerini bərpa etmək, həm də klub tarixində ən titullu oyunçu kimi adını əbədiləşdirmək şansı qazanıb.
Leganesli futbolçu yeni baş məşqçi Xabi Alonsonun rəhbərliyi altında keçirilən Klubların Dünya Çempionatında PSJ-yə qarşı final matçının son 19 dəqiqəsində meydana qayıdıb. Hazırda Karvaxal Modriçin göstəricisindən cəmi 1 titul geridədir – 27.
Onun bu dönüşü ötən ilin 5 oktyabrında “Vilyarreal”lə La Liqa matçında ön çarpaz bağ, xarici yan bağ və dizaltı vətərdə baş verən ağır zədədən sonra 9 aylıq bərpa prosesini tamamlaması ilə mümkün olub.
Mövsüm öncəsi heyətə Trent Aleksandr-Arnoldun da cəlb olunması ilə rəqabət artıb. Üstəlik Karvaxal artıq 1 ildir qol vurmayıb. Amma buna baxmayaraq, o, titul sayını artırmaq və adını “Real Madrid”in tarixinə daha da möhkəm yazdırmaq əzmindədir.
Karvaxalın oynadığı nəsil “Real Madrid”in qızıl dövrünə damğa vurub. Bu dövr 2014-cü ildə Karlo Ançelottinin rəhbərliyi ilə qazanılan “La Desima” (10-cu Çempionlar Liqası titulu) ilə başlanmışdı.
Uzun müddət klub tarixində ən çox titul qazanan oyunçu Marcelo idi – 25 titul. Bu rekorda sonradan Modriç, Karvaxal, Naço və Benzema da çatdı. Naço 26 titula qədər yüksəldikdən sonra klubdan ayrıldı. Toni Kroos və Lukas Vaskes isə 23 titulla “Real” əfsanəsi Xento ilə eyni göstəricidədir.
Əgər Karvaxal Modriçin 28 titullu rekordunu yeniləsə, bu zirvədə illərlə tək qala bilər. Çünki Valverde və Vinisius Junior hələlik yalnız 14 titula sahibdirlər.
Avropa futbolu səviyyəsində isə Karvaxal bir klubda ən çox titul qazanan futbolçular sırasında 27 titulla 7-ci yerdədir. Onun qarşısında “Barselona”dan Jerar Pike (31), Andres İnyesta (32) və Lionel Messi (35), eləcə də “Mançester Yunayted”in əfsanəsi Rayan Giqqz (36) kimi adlar var.
Yeni baş məşqçi Xabi Alonsonun rəhbərliyi ilə yeni mövsümə başlayan “Real Madrid” üçün Karvaxalın dönüşü həm simvolik, həm də praktiki baxımdan həlledici rol oynaya bilər.