David Alaba “Qalatasaray” azarkeşidir və kluba gəlməyə niyyətlənib

“Qalatasaray” müdafiəçi David Alaba üçün gözlənilməz təklif alıb. Onun “Real Madrid”lə olan müqaviləsi gələn yay başa çatır və bu səbəbdən 33 yaşlı avstriyalı stoperin adı “Cim-Bom”la hallanmağa başlayıb.
90plus.az xəbər verir ki, futbolçu İstanbul klubuna vasitəçilər tərəfindən təklif olunub. Klub isə müdafiə xəttini gücləndirməyi planlaşdırdığı üçün bu variantı dəyərləndirir.
Hazırda mərkəzdə Abdülkerim Bardakçı və Davinson Sançeslə oynayan “Qalatasaray” rəhbərliyi heyəti genişləndirmək niyyətindədir. Alabanın transferi ilə bağlı yekun qərar klub rəhbərliyi ilə baş məşqçi Okan Buruk arasında aparılacaq müzakirələrdən sonra veriləcək.
2021-ci ildən “Real Madrid”də çıxış edən Alaba zədələr səbəbindən ötən mövsüm cəmi 14 oyunda iştirak edib, 11 matçı isə buraxmalı olub. Buna görə də “Qalatasaray” keçiddən öncə futbolçunun sağlamlığı ilə bağlı ətraflı tibbi müayinələr aparmağı planlaşdırır.
Təcrübəli müdafiəçi daha əvvəl “Qalatasaray”a simpatiyasını gizlətməyib:
“Mən Vyanada türklərlə böyümüşəm. Bir çox dostlarım türkdür və onlar məni bir növ ‘Qalatasaray’lı kimi yetişdiriblər. Mən ‘Qalatasaray’ı dəstəkləyirəm.”
Əgər tibbi göstəricilər müsbət çıxarsa və Buruk bu transferə “yaşıl işıq” yandırarsa, “Qalatasaray” “Real Madrid”lə danışıqlara başlayacaq.
© Copyright 2025, All Rights Reserved