David Luiz Avropaya bu klubla geri döndü

90plus.az xəbər verir ki, bir dövr dünyanın ən yaxşı müdafiəçilərindən biri sayılan braziliyalı futbolçu David Luiz karyerasını Kiprin cənubunda davam etdirəcək. 38 yaşlı təcrübəli stoper "Pafos" klubu ilə 2 illik müqavilə imzalayıb.
Son olaraq Braziliya təmsilçisi "Fortaleza"nın formasını geyinən Luiz yeni mövsümdən etibarən Kipr Premyer Liqasında çıxış edəcək.
Karyerasına vətənində – "Vitoriya" klubunda başlayan David Luiz daha sonra Portuqaliyanın "Benfika" komandasında çıxışı ilə adını geniş auditoriyaya tanıtdı. Oradan İngiltərənin "Çelsi" klubuna transfer olunan müdafiəçi, sonradan Fransanın PSJ klubunun yolunu tutdu. İki mövsüm Parisdə oynadıqdan sonra yenidən "Çelsi"yə qayıtdı və ardınca "Arsenal"ın formasını geyindi.
İngiltərədəki karyerasını başa vurduqdan sonra Luiz doğma ölkəsinə dönərək əvvəlcə "Flamenqo", daha sonra isə "Fortaleza" komandalarında çıxış etdi. Təcrübəli oyunçu bu yay "Pafos"la razılığa gələrək Avropa futboluna qayıtmış oldu.
© Copyright 2025, All Rights Reserved