DÇ-2026: Almaniya yekun heyəti açıqladı! Nagelsmanndan etiraflar
Almaniyanın heyəti açıqlandı! Naqelsmanndan Sane və Noyer qərarı: “Dünya çempionu olmaq istəyirik”.
90plus.az xəbər verir ki, Almaniya millisinin 2026 Dünya Çempionatı üçün heyəti açıqlanıb. Komanda E qrupunda Kurakao, Kot-d’İvuar və Ekvadorla qarşılaşacaq.
Qapıçılar:
Müdafiəçilər:
Yarımmüdafiəçi və hücumçular:
Almaniya millisinin baş məşqçisi Yulian Nagelsmann isə həm heyət seçimi, həm də komandanın hədəfləri barədə diqqətçəkən açıqlamalar verib. Alman mütəxəssis xüsusilə Leroy Sane və Manuel Noyer ətrafındakı müzakirələrə münasibət bildirib.
“Sane millidə fərqli görünür”
Nagelsmann klub səviyyəsində qeyri-sabit mövsüm keçirməsinə baxmayaraq, “Qalatasaray”ın vingeri Leroy Saneni heyətə daxil etməsini müdafiə edib.
Baş məşqçi bildirib ki, futbolçunun klub statistikası ideal olmasa da, millidəki çıxışı tamamilə fərqli mənzərə yaradır:
“Klub səviyyəsində rəqəmləri kifayət qədər yüksək deyildi. Amma bizimlə son 4 oyunda 5 məhsuldar fəaliyyəti var”.
Nagelsmann hesab edir ki, Sanenin millidə göstərdiyi performans onun seçim üçün əsas səbəblərindən biridir:
“Əlbəttə, mən onun millidəki çıxışını da qiymətləndirməliyəm. O, çox müzakirə olunan oyunçudur. Tədricən onun nəyin çatmadığı daha aydın görünür”.
Alman çalışdırıcı həmçinin Sanenin kollektiv daxilində çox sevilən futbolçulardan biri olduğunu vurğulayıb:
“Antonio, Yona, Camal və daha 15 nəfərin adını çəkə bilərəm – komandada onu çox sevirlər. Mənim də onunla çox yaxşı münasibətim var”.
Nagelsmannın fikrincə, xüsusilə qapalı müdafiələrə qarşı Sanenin sürəti və texnikası Almaniya üçün vacib silahlardan biri ola bilər:
“Dar məkanlarda oynamaq baxımından xüsusi keyfiyyətləri var. Klubdakı statistikası səbəbindən əvvəlcə ehtiyat rolunda qala bilər. Amma sürəti və texnikası ilə qapalı müdafiələrə qarşı böyük fərq yarada bilər”.
O, futbolçudan turnirdə daha böyük töhfə gözlədiyini də gizlətməyib:
“Onunla münasibətim çox yaxşıdır və düşünürəm ki, onu maksimum səviyyəsinə çatdıra bilərəm. Dünya Çempionatından sonra onun haqqında daha çox müsbət fikirlər olacaq”.
29 yaşlı Sane Almaniya millisində indiyədək 74 oyunda 14 qol vurub. O, 2015-ci ildən etibarən Almaniyanın əsas turnirlərində iştirak edir.
Noyer yenidən “1 nömrə”
Nagelsmann Almaniya millisinin əsas qapıçısının yenidən Manuel Noyer olacağını da rəsmən açıqlayıb. Beləliklə, uzun müddətdir davam edən qapıçı müzakirələrinə son qoyulub.
Baş məşqçi bildirib ki, Oliver Baumann ikinci qapıçı olacaq, Alexander Nübel isə heyətdəki üçüncü seçimdir.
“Bəli, planımda Manu bir nömrədir. Qapıçılar məsələsində məşqçinin əsas işi ölkənin ən yaxşı üç qapıçısını seçməkdir”.
Nagelsmann əlavə edib ki, məşqçilər korpusu Noyerin qayıdışı üçün xüsusi qərar qəbul edib:
“Qərara gəldik ki, Aleks, Oli və Manu ölkənin ən yaxşı üç qapıçısıdır. Buna görə də Manu ilə əlaqə saxlayıb yenidən millidə oynamaq istəyib-istəmədiyini soruşduq”.
O, Noyerin komanda daxilindəki təsirindən də danışıb:
“Hamı Manuelin necə bir auraya sahib olduğunu bilir. O, komandaya çox şey verir. Başqa bir turnirdə oynamağa razılıq verdi və biz onu bir nömrə kimi düşünürük”.
Nagelsmann Baumannı da xüsusi qeyd edib:
“Bilirk ki, Oli Baumann kimi dünya səviyyəli alternativimiz də var”.
Baumann qərardan məyus olub
Alman çalışdırıcı Oliver Baumannın bu qərardan ciddi şəkildə təsirləndiyini də etiraf edib.
Nagelsmannın sözlərinə görə, mart ayında Baumanna Noyerlə danışıqlar aparıldığı bildirilib və bu xəbər qolkiper üçün ağır olub:
“Martda Oliyə Manu ilə danışdığımızı dedik. Sonda bu qərar onun üçün zərbə oldu. Belə xəbərlər heç vaxt yaxşı olmur”.
Baş məşqçi münasibətlərinin də müəyyən qədər zədələndiyini gizlətməyib:
“Manu çoxlu titullar qazanıb, böyük adı və aurası var. Təbii ki, Oli ‘problem yoxdur, məşqçi’ demədi. Belə xəbərlər verəndə münasibətlər müəyyən qədər zədələnir”.
34 yaşlı Baumann son illərdə Almaniya millisində əsas alternativlərdən birinə çevrilmişdi. O, millidə 11 oyunda 6 “quru oyun” keçirib.
“Dünya çempionu olmaq istəyirik”
Nagelsmann Almaniyanın əsas məqsədinin Dünya Çempionluğu olduğunu da açıq şəkildə bildirib.
“Əvvəlki açıqlamam qüvvədə qalır. Dəfələrlə demişəm ki, dünya çempionu olmaq istəyirik. Amma istəmək və mütləq olacağını demək fərqli şeylərdir”.
O, futbolçuların bunu meydanda sübut etməli olduğunu vurğulayıb:
“Hər futbolçunun bunu meydanda göstərmək öhdəliyi var”.
Bu, Nagelsmannın Almaniya millisinin baş məşqçisi kimi ilk Dünya Çempionatı olacaq. O, indiyədək yığmada 30 oyunda 18 qələbə, 6 heç-heçə və 6 məğlubiyyət əldə edib.
Almaniya millisi Dünya Çempionatının tarixində 4 dəfə – 1954, 1974, 1990 və 2014-cü illərdə çempion olub. Lakin komanda son iki mundialda qrup mərhələsində mübarizəni dayandırdığı üçün 2026 turniri Naqelsmannın komandası üçün xüsusi əhəmiyyət daşıyır.