DÇ-2026: Bilet qiymətləri kəskin artdı
2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının final oyunu ilə bağlı bilet qiymətlərində ciddi artım qeydə alınıb. Turnirin təşkilatçısı olan FIFA yeni tarifləri bütün iştirakçı komandalar müəyyənləşdikdən sonra açıqlayıb.
90plus.az xəbər verir ki, ABŞ-da yerləşən MetLife Stadium stadionunda keçiriləcək final qarşılaşması üçün biletlər əvvəlki qiymətlərlə müqayisədə xeyli bahalaşıb. Ən yüksək kateqoriyaya aid biletlərin qiyməti artıq 10 990 dollara çatıb. Halbuki bundan əvvəl bu rəqəm 8680 dollar idi ki, bu da təxminən 26,6 faiz artım deməkdir (ESPN).
Digər kateqoriyalarda da artım diqqət çəkir. İkinci kateqoriya biletləri 5575 dollardan 7380 dollara yüksəlib və bu, 32,4 faizlik bahalaşma ilə nəticələnib. Üçüncü kateqoriya üzrə biletlər isə 4185 dollardan 5785 dollara qədər artaraq 38,2 faiz bahalaşıb.
Qeyd olunur ki, FIFA bu mundial üçün dinamik qiymət siyasətindən istifadə edir. Bu yanaşmaya əsasən, bilet qiymətləri tələbatdan və satış prosesindən asılı olaraq dəyişə bilər.
Xatırlatma: 2026-cı il dünya çempionatı ABŞ, Meksika və Kanadada təşkil olunacaq. Turnirin oyunları ABŞ-ın 11, Meksikanın 3 və Kanadanın 2 şəhərində keçiriləcək.
Bununla yanaşı, ötən gün dünya çempionatının biletlərinin onlayn satışa çıxarılması zamanı texniki problemlərin yaşandığı da bildirilib. Bu isə azarkeşlər arasında narazılığa səbəb olub və satış prosesinin şəffaflığı ilə bağlı suallar yaradıb.
© Copyright 2026, All Rights Reserved