Detroyt Pistonsdan möhtəşəm qələbə, Körri tarixə düşdü
Amerika Basketbol Liqasında (NBA) növbəti oyunlar keçirilib. "Detroyt Pistons" doğma meydanda "Sakramento Kinqs" üzərində 139:116 hesablı inamlı qələbə qazanaraq son 6 oyunda 5-ci qalibiyyətini əldə edib.
90plus.az xəbər verir ki, Şərq Konfransının lideri olan "Detroyt Pistons"da Cade Cunningham 29 xal və 11 məhsuldar ötürmə ilə double-double edərək qələbədə əsas rol oynayıb. Qonaq komandada isə Malik Monk 19 xal, DeMar DeRozan 16 xal toplayıb.
Körri ilk 20-liyə yüksəldi
Digər oyunda "Qolden Steyt Uorriors" səfərdə "Minnesota Timbervulvz"ı 111:85 hesabı ilə məğlub edib. "Uorriors"un lideri Stefen Körri 26 xal toplayaraq NBA tarixində müntəzəm mövsümlərdə ən çox xal atan basketbolçular arasında ilk 20-liyə daxil olub. Körri hazırda 26 min 397 xalla 19-cu pilləni Paul Pierce ilə bölüşür.
Ardıcıl 5-ci məğlubiyyətini yaşayan "Minnesota Timbervulvz"da Antoni Eduardsın 32 xal və 11 ribaundluq performansı komandasını məğlubiyyətdən xilas etməyə yetməyib.
"Toronto Raptors"dan ardıcıl dördüncü qələbə
Günün daha bir maraqlı qarşılaşmasında "Toronto Raptors" səfərdə Qərb Konfransının lideri "Oklahoma Siti Tander"i 103:101 hesabı ilə məğlub edib. Raptorsda Immanuel Quickley 23 xal və 11 ribaundla qələbəyə böyük töhfə verib.
"Oklahoma Siti Tander"in ulduzu Shai Gilgeous-Alexander ardıcıl 117 oyunda ən azı 20 xal toplamaq seriyasını davam etdirərək bu oyunda 24 xalla yadda qalıb.
© Copyright 2026, All Rights Reserved