Didye Deşam: "Azərbaycan enerjili və döyüşkən komandadır"
Fransa milli komandası DÇ-2026-nın seçmə mərhələsinin 6-cı turu çərçivəsində sabah Bakıda Azərbaycan yığmasının qonağı olacaq.
90plus.az xəbər verir ki, ikiqat dünya çempionunun baş məşqçisi Didye Deşam görüşdən əvvəl təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarına cavab verib:
Osman Dembele və Kilian Mbappenin yoxluğu haqqında:
Dezire Due və digərləri də heyətdə deyil. Amma biz artıq dünya çempionatına vəsiqəni təmin etmişik, bu da bizi daha rahat edir. Sabahkı qarşılaşma üçün 22 futbolçumuz var. Qarşımızda isə çox enerjili və döyüşkən bir komanda olacaq. Buna baxmayaraq, qələbə üçün əlimizdən gələni edəcəyik. Çünki əsas hədəfimiz qalib gəlməkdir.
Mbappenin zədəsi haqqında:
Kilianın topuğunda problem var idi və bu davam edir. Buna görə onu millinin düşərgəsindən göndərdim, "Real"ın tibbi heyəti onunla məşğul olacaq. Riskə getmək istəmirik. Onsuz da dünya çempionatına vəsiqə almışıq. Hazırda buradakı 22 futbolçunun məqsədi bəllidir.
Zədəlilərin əvəzləyiciləri:
Üç nəfərin olmamasına baxmayaraq, Bakıdakı 22 futbolçunun hər biri oynaya bilər. Bu gün məşqdə də hamısı iştirak edəcək. Təbii ki, ardıcıl oyunların yaratdığı yorğunluq var. Amma Bakıya vaxtında gəlib istirahət etmişik.
© Copyright 2025, All Rights Reserved