Dik Advokatlı Kurasao tarix yazır: Dünya Çempionatına bir addım

2026-cı ildə Amerika Birləşmiş Ştatları, Meksika və Kanadanın birgə təşkil edəcəyi Dünya Çempionatı üçün seçmə mərhələlər davam edir.
90plus.az xəbər verir ki, CONCACAF zonasında çıxış edən Kurasao millisi isə baş məşqçi Dik Advokatın rəhbərliyi altında tarixi nəticələrə imza atır.
Bir zamanlar "Fənərbağça"nı da çalışdıran Dik Advokatın rəhbərlik etdiyi Kurasao millisi indiyədək 3 oyuna çıxıb və bu qarşılaşmalardan 2 qələbə, 1 heç-heçə ilə ayrılıb. Komanda 7 xal toplayaraq qrup liderliyini ələ alıb.
Qrupdakı ilk oyununda Trinidad və Tobaqo ilə 0:0 hesablı bərabərlik edən Kurasao, ardınca Bermuda və Yamaykanı məğlub edərək ardıcıl iki qələbə qazanıb.
İndiyədək heç vaxt Dünya Çempionatında iştirak etməmiş olan Kurasao qrupunu birinci pillədə başa vurarsa tarixində ilk dəfə mundialda iştirak hüququ əldə edəcək. Əgər ikinci yeri tutarsa, play-off mərhələsində oynamaq şansı qazanacaq.
Kurasao seçmə mərhələnin son 3 oyununda yenidən Trinidad və Tobaqo, Bermuda və Yamayka ilə qarşılaşacaq.
© Copyright 2025, All Rights Reserved