Dommarumma: “Heç kim federasiyadan heç nə tələb etməyib”
Donnarumma: “Heç kim federasiyadan heç nə tələb etməyib”.
90plus.az xəbər verir ki, İtaliya millisinin qapıçısı Canluici Donnarumma komandanın dünya çempionatına vəsiqə qazana bilməməsindən sonra səsləndirilən fikirlərə münasibət bildirib və federasiyadan heç bir tələb irəli sürülmədiyini vurğulayıb.
“Çox çətin və yorucu iki gün oldu. Bu, bütün italiyalılara aiddir — hər kəs dünya çempionatına qayıtmaq istəyirdi, mən də, bütün komanda da. Təəssüf ki, buna nail ola bilmədik və bunu qəbul edib irəli baxmalıyıq.
Çox ağrılıdır, həqiqətən çox. İlk günlərdə bunu qəbul etmək çox çətin idi. Amma reallıq budur ki, yenidən başlamalı, irəli getməli və reaksiya verməliyik. Növbəti dünya çempionatına hələ dörd il var. Bu müddətdə Avropa çempionatı və Millətlər Liqası kimi vacib turnirlər var. Dünya çempionatını düşünməzdən əvvəl bu yarışlara fokuslanmalı və maksimum motivasiya ilə geri dönməliyik”, – deyə Donnarumma bildirib.
Kapitan bonuslarla bağlı yayılan iddialara da aydınlıq gətirib:
“Məni daha çox yazılanlar təsirləndirdi. Kapitan kimi mən heç vaxt millidən bir avro belə istəməmişəm. Həmişə olduğu kimi, yalnız hədəf yerinə yetirilərsə, komanda üçün mükafat nəzərdə tutulur.
Heç kim federasiyadan heç nə tələb etməyib. Bizim ‘mükafatımız’ dünya çempionatına vəsiqə qazanmaq idi, amma bu baş tutmadı. Məni ən çox incidən yazılanlar oldu”.
Donnarumma həmçinin federasiya prezidenti Qabriele Qravina, baş məşqçi Cennaro Qattuzo və komanda meneceri Canluici Buffonun ayrılığına da toxunub:
“Onlarla çox yaxşı münasibətlərim var idi. Onlar üçün üzülürük və baş verənlərə görə müəyyən məsuliyyət hiss edirik. Amma irəli getməliyik. Onlara təşəkkür edirəm, çünki komandaya böyük töhfə veriblər.
Son illərdə uğursuzluqlarla yanaşı böyük nailiyyətlərimiz də olub. Hər şey itirilməyib. İndi reaksiya verməliyik və İtaliyanın yenidən güclü komanda olacağına inanırıq”.