“Dortmund”dan “Çelsi”yə keçdi

“Borussiya Dortmund” rəsmi şəkildə təsdiqləyib ki, 20 yaşlı hücumçu Ceymi Gittens “Çelsi”yə keçəcək.
90plus.az xəbər verir ki, iki klub arasında razılaşma bu gün ABŞ-ın Fort Loderdeyl şəhərində əldə olunub. Hər iki komanda hazırda orada keçirilən Klubların Dünya Çempionatında iştirak edir. Müqavilənin detalları isə hələ yekunlaşdırılmayıb.
“Çelsi” ilə danışıqlar çətin keçdi, amma sonda maliyyə baxımından istəklərimizi reallaşdıra biləcəyimiz üçün və planlaşdırmada sabitlik əldə edəcəyimiz üçün məmnunuq.
Ceymi əla futbolçudur, bizə çox böyük sevinc yaşadıb. O, indi karyerasında növbəti addımı “Çelsi”də atmaq istəyir və biz ona yalnız uğurlar arzulayırıq,” — deyə “Borussiya Dortmund”un idman direktoru Sebastyan Kel bildirib.
Dortmund klubu həmçinin qeyd edib ki, transferin son detalları yekunlaşdırıldıqdan sonra Gittens qısa müddət ərzində Premyer Liqaya keçəcək. Razılaşma ABŞ-də Klubların Dünya Çempionatı zamanı əldə olunub.
Transferlə bağlı danışan “Borussiya Dortmund”un icraçı direktoru Lars Rikken Gittensin klubdakı inkişafından söz açıb:
“Ceymi Gittensin karyerası BVB-də istedadlı futbolçuların inkişafının nümunəsidir. Biz onu çox erkən kəşf etdik, demək olar ki, pulsuz transfer etdik, akademiyamızda daim inkişaf etdirdik və peşəkar komandada ən yüksək səviyyədə oynamaq imkanı verdik.
Ceymi göstərilən etimadı fədakarlıq, oyun və qollarla doğrultdu. Onun doğma İngiltərəyə qayıdışı klub üçün də çox dəyərli olacaq. Ceymiyə idman gələcəyində yalnız ən yaxşılarını arzulayırıq.”
© Copyright 2025, All Rights Reserved