Eddi Hau: "Qarabağ"ı udmaq bizim üçün hədəfdir"
"Nyukasl Yunayted" UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşündə doğma meydanda "Qarabağ"ı qəbul edəcək.
90plus.az xəbər verir ki, İngiltərə təmsilçisinin baş məşqçisi Eddi Hau oyun öncəsi təşkil olunan mətbuat konfransında fikirlərini bölüşüb. 48 yaşlı mütəxəssis əsas məqsədlərinin qalib gəlmək olduğunu bildirib:
“Heyətə nəzər salıb ən güclü tərkibi formalaşdırmağa çalışacağıq. Qarşıdakı oyunda qələbə qazanmaq istəyirik və bu, bizim üçün birinci hədəfdir. Futbolçuların yaxşı oyun ritmini qoruyub saxlaması vacibdir. Mövsüm başlamazdan əvvəl əsas məqsədimiz Çempionlar Liqasında 1/8 finala vəsiqə qazanmaq idi. Sabahkı matçda qalib gəlmək önəmlidir və bütün diqqətimizi buna yönəltmişik. Çempionlar Liqasında kifayət qədər uğurlu oyunlarımız olub. ‘Qarabağ’la ilk qarşılaşmada hesab daha çox müzakirə olundu. Amma mənim üçün əsas göstərici komandamızın nümayiş etdirdiyi oyun səviyyəsi, əzmkarlığı və motivasiyası idi. İstəyirəm ki, bu səviyyəyə mümkün qədər tez-tez çataq. Sabahkı görüşə tam hazırıq”.
Qeyd: “Nyukasl Yunayted” – “Qarabağ” qarşılaşması fevralın 24-dən 25-nə keçən gecə Sent Ceyms Park stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Komandalar arasında Bakıda baş tutan ilk oyun ingilislərin 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.
© Copyright 2026, All Rights Reserved