Ekspertler etirazına görə Salahı pislədilər
“Liverpul” Salahla bağlı mövqeyini müəyyənləşdirdi – Ulduz futbolçu qışda gedə bilər.
90plus.az xəbər verir ki, “Liverpul” misirli hücumçu Məhəmməd Salahla bağlı qərarını verib. Britaniya mətbuatının yazdığına görə, klub qış transfer pəncərəsində 32 yaşlı forvardı satmağı planlaşdırır.
Məlumatda bildirilir ki, Salah bütün variantlara açıqdır. O, “Barselona”, “Real Madrid” və ya “Bayern Münhen” kimi klublardan gələcək təklifləri dəyərləndirməyə hazırdır. Bununla belə, Səudiyyə Ərəbistanı Liqasından gələcək milyonluq təkliflərin ən cazibədar variant ola biləcəyi vurğulanır.
Xatırlatma: Misirli ulduz son günlər komanda daxilində gərginlik yaradıb. O, baş məşqçi Arne Slotu açıq şəkildə tənqid edib və komandadakı rolundan narazı qaldığını bildirib. Salah ardıcıl üç matçda start heyətində yer almayıb, daha sonra isə “İnter”lə Çempionlar Liqasının oyununa heyətə salınmayıb.
Ulduz futbolçunun davranışı Britaniya futbol ictimaiyyətinin də sərt reaksiyasına səbəb olub.
Sky Sports-un eksperti Ceymi Karrager məsələ ilə bağlı kəskin fikirlər səsləndirib:
“Salahın etdikləri biabırçılıq idi. O və agenti əvvəlcədən plan qurublar ki, vəziyyəti maksimum qarışdırsınlar və öz mövqelərini gücləndirsinlər. Bu həftəsonunu təsadüfən seçmədi. Məqsəd baş məşqçiyə təzyiq göstərmək və prosesləri öz xeyrinə dəyişmək idi”.
Ueyn Runi isə Salahın açıqlamalarını belə şərh edib:
“Əgər mən onun komanda yoldaşı olsaydım, dediklərindən qətiyyən razı qalmazdım. Komandanın ona ən çox ehtiyacı olan vaxt bu cür davranmaq düzgün deyil. ‘Liverpul’u çox çətin vəziyyətdə qoyub. Ya baş məşqçi ilə danışıb problemi həll etməlidir, ya da klubdan ayrılmalıdır. Bu məsələ dərhal çözülməlidir, əks halda öz mirasını zədələyir”.
Qeyd: Məhəmməd Salah 2024/25 mövsümündə “Liverpul”un heyətində 19 oyuna çıxıb, 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədərdir.