Eldəniz Əzizli medal qazandı, rekord qırdı!

Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli (55 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında bürünc medal qazanıb.
90plus.az xəbər verir ki, Güləş Federasiyasının məlumatına görə, millimizin kapitanı medal uğrunda görüşdə qırğızıstanlı Ulan Uulu ilə üz-üzə gəlib. Eldəniz Əzizli rəqibinə elə ilk hissədə böyük hesabla (9:0) qalib gələrək dünya üçüncüsü adını qazanıb. Bununla da o, karyerasında 7-ci dəfə böyüklər arasında podiuma yüksəlib. O, Dünya Çempionatında 7 medal - 4 qızıl və 3 bürünclə Azərbaycan güləşində yeni rekord müəyyənləşdirib.
Digər təmsilçilərimizdən Nihat Məmmədli (60 kq) əvvəlcə əlcəzairli Abdelkarim Ferqatı (8:0) üstələsə də, 1/4 finalda özbəkistanlı Alişer Qaniyevə 4:8 hesabı ilə məğlub olub. Bu qarşılaşmada ciddi zədə alan idmançımız mübarizəni dayandırıb.
Ülvü Qənizadə (72 kq) isə möhtəşəm çıxışla finala yüksəlib. O, 1/8 finalda əlcəzairli Abdelmalek Merabeti (6:0), 1/4 finalda Cənubi Koreya təmsilçisi Yeonqhun Nohu (8:3), yarımfinalda isə özbəkistanlı Abdulla Aliyevi (5:0) məğlub edib. Qənizadə dünya çempionatının həlledici görüşündə fransalı İbrahim Qanemlə üz-üzə gələcək.
Murad Əhmədiyev debütdə italiyalı Nikoloz Kaxelaşvilini (4:1), daha sonra qırğızıstanlı olimpiya mükafatçısı Uzur Cuzupbekovu (5:1) məğlub edib. O, 1/4 finalda Ermənistanın tanınmış güləşçisi, olimpiya çempionu, 4 qat dünya və 7 qat Avropa qalibi Artur Aleksanyana “tuş”la qalib gələrək böyük sürprizə imza atıb. Lakin yarımfinalda rusiyalı Artur Sarqsyana ilk xal prinsipinə əsasən (1:1) uduzub. Əhmədiyev sabah bürünc medal uğrunda xalça üzərinə çıxacaq.
Xatırlatma: Əzizlinin qazandığı medal Azərbaycan millisinin bu mundialdakı 5-ci medalı olub. Daha əvvəl sərbəst güləşçilərdən Giorgi Meşvildişvili (125 kq) gümüş, Nürəddin Novruzov (61 kq), Arseniy Djioyev (86 kq) və Osman Nurmaqomedov (92 kq) isə bürünc medal əldə ediblər.