Elvin Cəfərquliyev: “Çox qürurluyam. Yatsam, yuxuma girməzdi”

Elvin Cəfərquliyev: “Çox qürurluyam, amma bu, yalnız başlanğıcdır”.
90plus.az xəbər verir ki, “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda “Kopenhagen” üzərində 2:0 hesablı qələbədən sonra mətbuat nümayəndələrinə fikirlərini açıqlayıb. Görüşün ən yaxşısı seçilən futbolçu oyundan duyduğu qüruru belə ifadə edib:
“Çox qürurluyam. Yatsam, yuxuma girməzdi ki, Çempionlar Liqasının oyununda ən yaxşı seçiləcəyəm. Məşqçilər heyətinə təşəkkür edirəm. Azarkeşlərimiz bizə inam verdilər. Komanda olaraq özümüzə inanırıq.”
Media nümayəndəsinin “Yəqin ki, bu mükafatla yatacaqsan” zarafatına E.Cəfərquliyev belə cavab verib:
“Yox, yenə də yata bilməyəcəyəm. Mükafatı elə bir yerə qoyacağam ki, həmişə görüm. Bəlkə baxa-baxa yataram.”
Çətin oyun, dəyərli qələbə
Futbolçu görüşün asan keçmədiyini də vurğulayıb:
“Oyun çox çətin idi. Rəqibi analiz etmişdik, son oyunlarına baxmışdıq. Çempionlar Liqasında asan rəqib yoxdur. Şükürlər olsun ki, qalib gəldik. Amma bununla kifayətlənmək olmaz. Növbəti oyunlarda azarkeşləri sevindirməyə davam edəcəyik.”
Qarşıdakı oyunlara baxış
Cəfərquliyev növbəti matçlara inamla hazırlaşdıqlarını bildirib:
“Əlbəttə. Biz özümüzə inanırıq və növbəti rəqibləri də analiz edəcəyik.”
Turnir cədvəlində ilk “24-lüy”ə düşmə və növbəti mərhələyə yüksəlmək barədə sualı isə belə cavablandırıb:
“Niyyətimiz yalnız meydana çıxıb öz oyunumuzu göstərmək və qələbə qazanmaqdır. Sonda nə olacağını isə yalnız Allah bilir.”
© Copyright 2025, All Rights Reserved