Elvin Cəfərquliyev: “Xaraktercə aqressiv və çılğınam”
Elvin Cəfərquliyev: “Sabah həm inamlı, həm mübariz, həm də səbirli olmalıyıq”.
90plus.az xəbər verir ki, “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda “Çelsi” ilə Bakıda keçiriləcək qarşılaşma öncəsi mətbuat konfransında fikirlərini bölüşüb.
Cəfərquliyev oyunun əhəmiyyətini dəyərləndirib:
“Böyük komandaya qarşı oynayacağıq. Bunun fərqindəyik. Həm inamlı, həm mübariz, həm də səbirli olmalıyıq. Bütün Azərbaycanın gözü üzərimizdə olacaq. Buna baxmayaraq, meydanda rahat oynamalıyıq.”
Gənc futbolçu rəqibin oyun üslubundan danışıb:
“Çelsi”ni analiz etmişik. Onların sistemində bəzi fərqliliklər var. Fərdi gücü yüksək olan oyunçulara sahibdirlər. Ani bir səhv matçın taleyini dəyişə bilər. Çox diqqətli olmalıyıq, ümumilikdə oyuna tam hazırıq.”
Meydanda emosiyaların idarə olunmasına dair suala cavab verən Cəfərquliyev öz üzərində çalışdığını qeyd edib:
“Xarakterimdə aqressivlik var, çılğınlığım da olur. Hər iki tərəfdə də çox məşq edirəm ki, bu enerji mənfi yox, müsbət nəticə versin.”
“Çelsi”nin gənc ulduzu Estevaoya qarşı xüsusi plan məsələsinə toxunan müdafiəçi əlavə edib:
“Bu səviyyədə oyunlarda temp yüksək olur. Birəbir mübarizələr vacibdir. Biz bu cür matçlara alışmışıq. İşimizi bilirik, kim hara hərəkət edir, nəyi sevir, xəbərdarıq. Mən meydana çıxanda kart yox, top almağı düşünürəm.”
Rəqibin zəif tərəflərinə gəlincə, Elvin meydanda cavab vermək tərəfdarı olduğunu bildirdi:
“Zəif tərəflərini danışmaq istəmirəm. Təhlillər etmişik. Bəzən yüksək pressinq edirlər və boşluq buraxırlar. Sabah bundan istifadə etməyə çalışacağıq.”
Futbolçu matçın ölkə üçün əhəmiyyətini isə belə ifadə edib:
“Bu, şərəfli və maraqlı oyun olacaq. Böyük tarixə malik komandaya qarşı oynamaq stimul verir. Azarkeşlərə də bayram atmosferi yaşatmaq istəyirik. İnanıram komanda yoldaşlarıma.”
“Qarabağ” – “Çelsi” oyunu sabah saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.