Endrik israr edir, “Bernabeu”da qalacaq və bacaracaq

"ESPN Brasil"in məlumatına görə, “Real Madrid” 19 yaşlı braziliyalı hücumçu Endrikin inkişafı üçün onu icarəyə göndərməyə hazırdır.
90plus.az xəbər verir ki, 2022-ci ildə “Palmeyras”dan transfer edilən və klubun 72 milyon avro investisiya qoyduğu Endrik ötən mövsüm Karlo Ançelottinin rəhbərliyi altında məhdud oyun şansı əldə edib – cəmi 847 dəqiqə, o cümlədən Kral Kubokunda 6 oyuna 5 qolu var. Bu səbəbdən gənc futbolçunun La Liqadakı digər klublardan birinə müvəqqəti keçidi müzakirə olunur.
Bununla belə, Endrik “Santyaqo Bernabeu”da qalmaqda israrlıdır. O, braziliyalı həmvətəni Vinisius Juniorun erkən çətinliklərə baxmayaraq, komandada yer qazanmasını özünə nümunə götürür.
Futbolçuya yaxın mənbələr onun icarəyə getmək istəmədiyini bildirirlər. Onlar Reinier və Luka Yoviç kimi oyunçuların uğursuz icarə dövrləri ilə, Vinisius və Arda Gülerin komandada qalıb uğur qazanmalarını müqayisə edirlər:
“Endrik Vinisiusun yolunu izləmək istəyir”, – deyə ESPN-ə mənbə bildirib.
Komandanın yeni baş məşqçisi Xabi Alonso da Endriki gələcək planlarında görür, xüsusilə 2026-cı il Dünya Çempionatını nəzərə alaraq. Lakin mövcud taktiki düzülüş – Kilian Mbappe və Vinisiusun əsas hücumçular kimi çıxış etməsi – gənc forvarda dərhal şanslar yaratmır.
Hazırda zədədən bərpa prosesi keçən və sentyabrda qayıdacağı gözlənilən Endrik Alonsoya öz bacarığını sübut edə biləcəyinə inanır.
“Real Madrid” hesab edir ki, icarə Endrikin La Liqaya uyğunlaşmasına kömək edə bilər. Amma klub eyni zamanda vurğulayıb ki, belə bir addım onun gələcək planlardan çıxarılması anlamına gəlmir — Endrikin potensialı çox yüksək qiymətləndirilir.
© Copyright 2025, All Rights Reserved