Fernando Santos millimizin qrupunu dəyərləndirib

“Püşk artıq atılıb, heç nəyi dəyişmək mümkün deyil”.
90plus.az bildirir ki, bunu Azərbaycan milli komandasının baş məşqçisi Fernando Santos deyib.
Portuqaliyalı mütəxəssis AFFA-nın mətbuat xidməti ilə söhbətində DÇ-2026-nın seçmə mərhələsinin püşkü ilə bağlı fikirlərini bölüşüb:
“Hazırda ən vacib məsələ rəqibləri daha yaxından tanımaqdır. Fransa və ya Xorvatiya ilə qarşılaşacağımız UEFA Millətlər Liqasının pley-off mərhələsindən sonra bəlli olacaq. Digər rəqiblərimiz isə Ukrayna və İslandiya milli komandalarıdır”.
Santos əsas məqamı da vurğulayıb:
“Ən əhəmiyyətlisi komandamızı bu oyunlara hazırlamaqdır. Mart və iyun aylarında rəsmi matçlarımızın olmaması bizim üçün üstünlükdür. Qrup oyunlarına hazırlaşmaq üçün kifayət qədər vaxtımız olacaq. O dövrdə yoldaşlıq görüşləri təşkil edəcəyik ki, sentyabr ayında başlayacaq seçmə mərhələ matçlarına tam hazır olaq”.
Qeyd: Milli komandamızın D qrupundakı rəqibləri UEFA Millətlər Liqasının 1/4 final mərhələsində Fransa – Xorvatiya qarşılaşmasının qalibi, eləcə də Ukrayna və İslandiya milli komandalarıdır. Bu qrupda oyunlar 2025-ci ilin sentyabrında start götürəcək.
Foto: idman.biz
© Copyright 2025, All Rights Reserved