Fernandu Santuş:"Bu düzgün xəbər deyil, sabah o, bizimlə olacaq"

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı təşkil edilib.
90plus.az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
Mehdi Cənnətovun heyətdə olmaması
– Texniki qərardır. Onunla şəxsi hansısa problemim yoxdur. Son oyunlardakı çıxışını bəyənmədim və başqa qapıçılara şans verməyi düşündüm.
Mahir Emreli Estoniya ilə oyunda olmayacaq, Renat Dadaşov da zədəlidir. Hücumdakı problem
– Həmişə çıxış yolu tapılmalıdır. Əlimizdə olan materiallardan istifadə edərək durumdan çıxmağa çalışacağıq. Bəzi oyunçular bu potensialdadır. Qarşıdakı məşqlərdə oyunçuları yoxlayacağıq və kimlərə şans verəcəyimizi biləcəyik.
Gələcəyə bağlı gənclərə üstünlük
– Biz də onu etməyə çalışırıq. Bu heyətin yaş ortalaması 25-dir. Daha iki gənc oyunçuya dəvət göndərmişik. Uşaqları sınaqdan keçirəcəyik və baxacağıq ki, hansılar bizə gələcəkdə kömək edə bilər. Əlbəttə, gənclərin yanında təcrübəli oyunçular da olmalıdır ki, inkişaf edə bilsinlər
Millidə yerli köməkçilərin kənarda qalması
– Xeyr, bu düzgün xəbər deyil. Sabah Kamran Ağayev bizimlə olacaq. Birinci suala gəldikdə, işlər gedir. Qarşıdakı toplanışlarda baxacağıq ki, hansı məşqçini korpusumuza daxil edə bilərik. Heç də asan deyil. Çox çətindir. Köməkçi işi elədir ki, baş məşqçiyə həqiqətən köməyi dəyməlidir. Bunun üzərində AFFA ilə bərabər işlər gedir.
Qəbələ dağlıq ərazidir. Futbolçuların tənəffüslə bağlı problemləri
– Futbolçular hər şəraitə uyğunlaşmalıdır. Nəyisə bəhanə etmək olmaz. Çoxlu bəhanələr ola bilər – dağlıq ərazi, yağışlı hava və s. İstək olduğu zaman sadaladağım amillər ikinci planda qalır.
“Araz-Naxçıvan”ın futbolçusu Mustafa Əhmədzadənin heyətə dəvət edilməsi
– Oyununu gördüm və məni cəlb etdi. İşimizin bir hissəsi də Premyer Liqa oyunlarına baxmaq, oyunçuları görməkdir. Mustafa həm mənim, həm digər məşqçilərin diqqətini cəlb etdi.
Amin Seydiyev haqqında
– Bundan iki toplanış öncə Seydiyevi çağırmışdım. Ondan sonrakı toplanışlarda millinin heyətinə cəlb olunmadı. Çünki həmin mövqedə başqa cinah oyunçularına şans vermək istədim. Qeyd etdiyim ki, oyunlara gedir, izləyirik. Bəzi oyunçuların çıxışı bizi cəlb edir. İndi də dəvət alması texniki qərardır. Əvvəl çağırılmaması o demək deyil ki, onunla şəxsi problemimiz var.
Növbəti iki oyunda da məğlubiyyətlər olsa...
– Biz hər oyuna qələbə qazanmaq üçün çıxırıq. Əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq. Amma bir şeyi vurğulamaq lazımdır ki, yeni layihənin başlanğıcındayıq. İş gedir. Hamılıqla bərabər bunun üzərində çalışırıq. Heç nə bizi tutduğumuz yoldan geri çəkə bilməz.