FIBA ev sahibinin adını açıqladı

90plus.az xəbər verir ki, Beynəlxalq Basketbol Federasiyası – "FIBA" 2025-ci il Qitələrarası Kubokunun 18–21 sentyabr tarixlərində Sinqapurda təşkil olunacağını açıqlayıb. Turnir əvvəlki il olduğu kimi yenə də "Sinqapur Qapalı İdman Arenası"nda keçiriləcək.
"FIBA"nın məlumatına görə, turnirdə "Basketbol Çempionlar Liqası"nın (BCL) Avropa çempionu olan "Unicaja" ilə yanaşı, digər qitə çempionları və "NBA G Liq United" komandası iştirak edəcək.
Turnirdə iştirak edəcək komandalar bunlardır:
"Unicaja" (İspaniya) – BCL Avropa çempionu
"Flamengo" (Braziliya) – 2022 FIBA Qitələrarası Kubokunun qalibi
"Utsunomiya Brex" (Yaponiya) – BCL Asiya 2025 çempionu
"Illawarra Hawks" (Avstraliya) – Avstraliya NBL çempionu
"Alahli" (Liviya) – Basketbol Afrika Liqasının (BAL) debüt mövsümündə çempion
"NBA G Liq United" (ABŞ)
Yaponiya, Avstraliya və Liviya təmsilçiləri bu turnirdə ilk dəfə iştirak edəcəklər.
2024-cü ildə də Sinqapurda keçirilən turnirə dörd gün ərzində 25 mindən çox azarkeş yerindən tamaşa edib. Eyni zamanda, yüz minlərlə basketbolsevər qarşılaşmaları canlı yayım vasitəsilə izləyib.
Turnirdə komandalar iki qrup üzrə mübarizə aparacaq və qrup oyunları bir dövrəli liqa sistemi ilə keçiriləcək. Qruplarını birinci pillədə tamamlayan komandalar 21 sentyabrda finalda üz-üzə gələcək. İkinci yeri tutanlar üçüncülük, üçüncü olanlar isə beşincilik uğrunda oynayacaqlar.
2025 FIBA Qitələrarası Kuboku qrup bölgüsü:
Qrup A: "Alahli" (Liviya), "Unicaja" (İspaniya), "Utsunomiya Brex" (Yaponiya)
Qrup B: "Flamengo" (Braziliya), "Illawarra Hawks" (Avstraliya), "NBA G Liq United" (ABŞ)
© Copyright 2025, All Rights Reserved