FIFA-dan yeni qərar: Matçlarda fasilələr olacaq
2026 Dünya Çempionatında yeni qayda: matçlarda 3 dəqiqəlik “su fasiləsi” olacaq.
90plus.az xəbər verir ki, FİFA 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatında yeni qayda tətbiq etməyə hazırlaşır. Qərara əsasən, turnirdə keçiriləcək bütün oyunlarda hər hissənin ortasında 3 dəqiqəlik məcburi “su fasiləsi” veriləcək.
Məlumata görə, hər 45 dəqiqəlik hissə iki yerə bölünəcək və fasilə zamanı yayımçı televiziya kanallarına reklam yayımlamaq imkanı yaradılacaq. Rəsmi olaraq bu fasilə “oyunçuların sağlamlığının qorunması” məqsədilə tətbiq edilsə də, qərarın futbolun kommersiya tərəfini daha da gücləndirəcəyi bildirilir.
“The Athletic” nəşrinin əldə etdiyi sənədlərə istinadən yayılan xəbərə görə, hər fasilə ümumilikdə 3 dəqiqə davam edəcək və bunun 2 dəqiqə 10 saniyəsi reklam üçün istifadə oluna biləcək.
FİFA oyunun axınının tam pozulmaması üçün müəyyən qaydalar da müəyyənləşdirib. Belə ki, reklamlar hakim oyunu dayandırdıqdan ən tez 20 saniyə sonra yayımlana biləcək və qarşılaşmanın yenidən başlamasına ən azı 30 saniyə qalmış yayım yenidən matça qaytarılmalıdır.
Yayımçılar istəsələr, ekranı iki hissəyə bölərək həm matçı, həm də reklamı eyni vaxtda göstərə biləcəklər. Bu halda yalnız FİFA-nın rəsmi sponsorlarının reklamları nümayiş etdirilə bilər. Tam ekran reklamlar zamanı isə televiziya kanalları istədikləri markaların reklamını yerləşdirə biləcəklər.
Mütəxəssislərin fikrincə, yeni qayda FİFA üçün böyük maliyyə imkanları yarada bilər. Çünki əlavə reklam vaxtı yayım hüquqlarının dəyərini artıracaq və televiziya şirkətləri turnirin yayımı üçün daha yüksək məbləğ ödəməyə hazır olacaq.
Digər tərəfdən, bu fasilələr məşqçilərə oyun zamanı futbolçularla birbaşa ünsiyyət qurmaq və taktiki dəyişikliklər etmək imkanı da verəcək.
Buna bənzər tətbiq daha əvvəl Cənubi Amerika Futbol Konfederasiyası tərəfindən 90 saniyəlik fasilə şəklində sınaqdan keçirilmişdi. Lakin FİFA-nın planlaşdırdığı 3 dəqiqəlik fasilə futbol dünyasında geniş müzakirələrə səbəb olub.