FIFA-ya müraciət etdilər: Dünya Çempionatı pley-off oyunu təhlükədə
Yaxın Şərqdə gərginliyin artması futbol dünyasına da təsir göstərməkdə davam edir. ABŞ və İsrailin İrana hücumu ilə başlayan müharibə səbəbindən bölgədə bir çox idman tədbirləri təxirə salınıb və ya ləğv edilib. İndi isə bu vəziyyət 2026 FIFA Dünya Çempionatı üçün keçiriləcək pley-off oyunlarını təhlükə altına salıb.
90plus.az xəbər verir ki, İraq milli futbol komandasının baş məşqçisi Qrem Arnold müharibə səbəbindən ölkənin hava məkanının bağlandığını və komandanın səfərə çıxa bilmədiyini açıqlayıb. Bu səbəbdən o, FIFA-ya müraciət edərək qitələrarası pley-off oyunlarının təxirə salınmasını istəyib.
İraq yığması dünya çempionatına vəsiqə qazanmaq üçün martın 31-də Meksikanın Monterrey şəhərində Surinam – Boliviya cütünün qalibi ilə qarşılaşmalıdır. Lakin İraqın hava məkanı aprelin 1-dək bağlı olduğundan komanda nə bir araya gələ, nə də səfərə çıxa bilir.
Qrem Arnold CNN telekanalına açıqlamasında bildirib ki, vəziyyət dəyişməsə, komandanın Bağdaddan çıxması çox çətin olacaq.
Onun sözlərinə görə, futbolçuların təxminən 60 faizi İraqda çıxış edir və bütün məşqçi heyəti də ölkədə yaşayır. Tibbi heyət isə Qətərdədir və hazırda Meksika üçün viza almaqda problemlər yaşayır.
Arnold qeyd edib ki, mövcud şərait nəzərə alınsa, matçın planlaşdırıldığı kimi keçirilməsi bir qədər ədalətsiz görünür və FIFA bu məsələ ilə bağlı tez bir zamanda qərar qəbul etməlidir.
Avstraliyalı mütəxəssis alternativ variant da təklif edib. Onun planına görə, Surinam – Boliviya oyunu martın 26-da Monterreydə planlaşdırıldığı kimi keçirilə bilər. Həmin qarşılaşmanın qalibi isə İraq millisi ilə ABŞ-da, dünya çempionatının başlamasına az qalmış tarixdə üz-üzə gələ bilər.
© Copyright 2026, All Rights Reserved