“Flamenqo”dan: “Vinisius geri qayıdacaq”
“Flamenqo”dan Vinisius Junior açıqlaması: “Bir gün qayıtmaq istəyəcək”.
90plus.az xəbər verir ki, “Flamenqo”nun idman direktoru Joze Boto “Real Madrid”in cinah hücumçusu Vinisius Juniorun gələcəkdə doğma klubuna qayıtmaq istəyə biləcəyini düşünür.
ESPN FC-yə danışan funksioner braziliyalı ulduzun “Flamenqo” ilə emosional bağlarının daim qalacağını vurğulayıb:
“Flamenqodan keçən insanlar bu kluba həmişə sevgi və ehtirasla bağlı qalırlar. Elə bir vaxt gələcək ki, o, geri qayıtmaq istəyəcək. Buna əminəm”.
Qeyd: Vinisius Junior “Real Madrid”lə yeni müqavilə məsələsində hələlik razılıq əldə etməyib. Onun hazırkı sözləşməsi 2027-ci ilin iyununa qədər qüvvədədir. Braziliyalı futbolçunun mövsümə görə 30 milyon avro maaş tələb etdiyi bildirilir ki, bu da danışıqların irəliləməsinə mane olur.
Məlumatlara görə, “Real Madrid”in baş məşqçisi Xabi Alonso ilə Vinisius Junior arasında əvvəlki dönəmdə yaşanan gərginlik də vəziyyəti çətinləşdirib. Hətta futbolçunun 2024-cü ilin noyabrında danışıqları dayandırdığı iddia olunurdu.
Yeni müqavilə ilə bağlı qeyri-müəyyənlik “Real Madrid”in 7 nömrəsinin gələcəyi barədə suallar yaradıb. Səudiyyə Ərəbistanı klublarının Vinisius Juniorla maraqlandığı bildirilir. Bununla yanaşı, futbolçu karyerasına başladığı “Flamenqo” da onu geri qaytarmaq istəyənlər arasındadır.
Xatırlatma: Vinisius Junior “Flamenqo”nun əsas komandasında 69 oyuna çıxıb və 14 qol vurub. O, 2017-ci ildə, 16 yaşında “Real Madrid”lə müqavilə imzalayıb və 18 yaşını tamamladıqdan sonra İspaniyaya yollanıb.
© Copyright 2025, All Rights Reserved