“Fənərbağça"nın ulduzundan Kobe Brayanta duyğusal mesaj

90plus.az xəbər verir ki, finalda “Monako”nu 80–71 hesabı ilə məğlub edən “Fənərbağça” Avropanın ən prestijli klub turnirində ikinci dəfə kuboku muzeyinə aparmağı bacardı. Finaldakı möhtəşəm performansına görə ABŞ-lı oyunçu Heyz-Devis "Final Four"un MVP-si seçildi.
Heyz-Devisin oyundan əvvəl, gecə saat 02:21-də Kobe Brayantın rəsmi Instagram hesabına yazdığı mesaj geniş rezonans doğurub. 2020-ci ildə dünyasını dəyişən əfsanəyə ünvanlanan bu sətirlərdə Heyz-Devis bunları yazıb:
“Necəsən, Kobe?
Sabah EuroLeague finalıdır və beynimdə tək bir sual var: Kobe bu vəziyyətdə olsaydı, nə edərdi?
Sənin hələ də bizimlə olduğuna inanıram.
Universitet illərində səninlə tanış olmuşdum. ‘Bucks’la oyundan sonra idi, sənin son mövsümündü. Mən də hər basketbolçu kimi sənə dedim ki, sənin kimi olmaq istəyirəm.
Cavab verdin: ‘Çox çalış, orada olacaqsan.’
Sadə sözlər idi, amma həyatımı dəyişdi. Bu sözləri ekran qoruyucum etmişdim.
Müsahibələrimdə dəfələrlə sənə istinad edirəm. ‘Mamba Mentaliteti’ yaşamağa davam edir.
Əgər çempion olsaq və MVP seçilsəm, bu mesajı paylaşacağam.
Bəlkə kiməsə ilham olar – sən mənə olduğu kimi.
Cavab verə bilməyəcəyini bilirəm, amma hər şey üçün təşəkkür edirəm.”
Bu duyğusal paylaşım, “Fənərbağça” azarkeşləri və basketbol ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanıb. Nigel Heyz-Devisin performansı ilə yanaşı, idmana və öz ilham mənbəyinə olan bağlılığı da təqdir toplayıb.
© Copyright 2025, All Rights Reserved