“Fənərbağça”nın prezident namizədi: “Qrinvudla razılaşmışıq”
Hakan Safidən sensasiyalı iddia: “Meyson Qrinvudla razılığa gəlmişik”.
90plus.az xəbər verir ki, “Fənərbağça” klubunda prezidentliyə namizəd Hakan Safi İngiltərə futbolçusu Meyson Qrinvudla bağlı diqqətçəkən açıqlama verib.
Safi bildirib ki, Qrinvudla razılıq əldə olunub və futbolçunun 2030-cu ilin iyun ayına qədər müqavilə imzalaması planlaşdırılır.
“Biz Meyson Qrinvudla 2030-cu ilin iyununa qədər razılığa gəlmişik. Əgər seçkilərdə qalib gəlsəm, bu müqavilə rəsmiləşəcək”, – deyə Safi qeyd edib.
O, həmçinin müqavilənin eyni müddətdə Luis Suareslə də nəzərdə tutulduğunu bildirib.
Məlumatlara görə, Qrinvud sosial şəbəkələrdə Hakan Safini izləməyə başlayıb və onun paylaşımını bəyənib.
İtaliyanın “Roma” klubu da futbolçu ilə maraqlanan tərəflər arasında göstərilir.
Qrinvud karyerasına “Mançester Yunayted” akademiyasında başlayıb və uzun illər klubun əsas perspektivlərindən biri hesab olunub.
2022-ci ildə baş verən hadisələrdən sonra futbolçu İngiltərə klubundan uzaqlaşdırılıb. Daha sonra ona qarşı irəli sürülən ittihamlar 2023-cü ilin əvvəlində geri götürülüb.
2023-cü ilin yayında Qrinvud icarə əsasında “Xetafe”yə keçib, bir il sonra isə “Marsel”lə daimi müqavilə imzalayıb. Fransa klubunun futbolçu üçün təxminən 26 milyon funt ödədiyi, müqaviləyə isə 50 faiz satış payı maddəsinin daxil edildiyi bildirilir.
Son mövsümlərdə yüksək performans nümayiş etdirən hücumçunun “Marsel”dən ayrılacağı ehtimalı da gündəmdədir.
Futbol eksperti Fabrizio Romano da məsələyə toxunaraq bu transferin “Mançester Yunayted” üçün maliyyə baxımından əhəmiyyətli ola biləcəyini qeyd edib.
“Əgər Meyson Qrinvud ‘Marsel’dən yüksək məbləğ qarşılığında ayrılsa və ‘Fənərbağça'ya keçid baş tutsa, bu, ‘Mançester Yunayted’ üçün əlavə gəlir demək olacaq. Onların müqavilədə böyük satış payı var”, – deyə Romano bildirib.
© Copyright 2026, All Rights Reserved