Formula-1: Ferstappen liderliyi bölüşmür
Formula 1 Dünya Çempionatında mövsümün qalibini müəyyən edəcək 24-cü və son mərhələ – Abu-Dabi Qran-Prisi üçün sıralama turu başa çatıb.
90plus.az xəbər verir ki, “Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen ən yaxşı nəticəni göstərərək yarışa ilk sıradan başlayacaq.
Abu-Dabinin Yas adasında yerləşən, 5,2 kilometrlik Yas Marina trasında keçirilən sıralama turunda Ferstappen 1 dəqiqə 22.207 saniyəlik nəticə ilə “poul pozisiya”nı əldə edib.
Onun 0.201 saniyə gerisində çempionata liderlik edən “Maklaren” komandasının britaniyalı pilotu Lando Norris ikinci yeri tutub. “Maklaren”in avstraliyalı sürücüsü Oskar Piastri isə Ferstappendən 0.230 saniyə geri qalaraq üçüncü olub.
Mövsümü çempion kimi tamamlaması üçün Maks Ferstappenin sabahkı yarışı qazanması və lider Lando Norrisin ilk üçlüyə daxil olmaması tələb olunur.
Lider Norris isə sabah BSİ 17:00-da başlayacaq yarışdan sonra podiuma çıxarsa, Formula 1-in yeni çempionu olacaq.
© Copyright 2026, All Rights Reserved