Fransız hücumçu zorlama ittihamından bəraət aldı
Keçmiş “Monako”, “Sevilya” və Fransa millisinin hücumçusu Uissam Ben Yedder Apellyasiya Məhkəməsinin qərarı ilə zorlama, zorlama cəhdi və seksual xarakterli təcavüz ittihamlarından bəraət alıb.
90plus.az xəbər verir ki, bununla da Nitsa prokurorluğunun onu məhkəmə qarşısına çıxarmaq barədə əvvəlki qərarı ləğv edilib.
Yanvarda İran və Türkiyədə qısa çıxışlardan sonra “Vidad Kasablanka”ya keçən futbolçu 2023-cü ildən etibarən iki yeniyetmə qızın ittihamları əsasında rəsmi istintaqa cəlb olunmuşdu. Bildirilirdi ki, o, həmin şəxslərlə bir məclisdə tanış olub.
AFP-nin işə yaxın mənbəyə istinadən yaydığı məlumata görə, apellyasiya məhkəməsi “cinayət təqibi üçün əsas olmadığını” qərara alıb.
Ben Yedderin vəkili Sofiya Kerbaa qərarı alqışlayıb: “Qərardan çox razıyıq. Müvəkkilim hər zaman günahsız olduğunu bildirib”.
Futbolçunun özü də qərarla bağlı sosial şəbəkədə paylaşım edib: “Məhkəmənin çıxardığı qərardan məmnunam. Mən həmişə günahsız olduğumu demişəm və bu gün Apellyasiya Məhkəməsi məni dinlədi.
Əvvəldən mənə dəstək olan hər kəsə – yaxınlarıma, azarkeşlərimə və ictimaiyyətə təşəkkür edirəm”.
Ötən il Liqa 1-in bombardiri olmuş futbolçu qardaşı Sabri ilə birlikdə məhkəmə qarşısına çıxarılmalı idi, lakin apellyasiya instansiyası bu qərarı da ləğv edib. Bununla belə, Ben Yedder son illərdə bir sıra hüquqi problemlərlə üzləşib.
2025-ci ilin sentyabrında Nitsa cinayət məhkəməsi onu boşanma prosesində olduğu həyat yoldaşına qarşı psixoloji zorakılığa görə 90 min avro cərimələyib.
Bundan əlavə, o, 2024-cü ildə Fransada ayrı bir iş üzrə seksual zorakılığa görə iki il şərti həbs cəzası alıb (bu qərardan da apellyasiya şikayəti verib) və 2023-cü ildə “Sevilya”da çıxış etdiyi dövrdə İspaniyada vergi fırıldaqçılığına görə təqsirli bilinib.
© Copyright 2026, All Rights Reserved